DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Britaniyanın nüfuzlu ''The Times'' qəzetinə geniş müsahibə verib
/Aran agentliyi
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu Britaniyanın nüfuzlu "The Times" qəzetinə geniş müsahibə verib. Qəzetin xüsusi müxbiri Şira Frenkel DEVAMM sədrinə Azərbaycanda dini etiqad azadlığının və ümumilikdə insan haqlarının vəziyyəti, İslam dininin ölkədə inkişafı, ictimai-siyasi durum, dünyada və regionda geopolitik vəziyyət, Azərbaycanın bu proseslərdəki yeri və rolu barədə çoxlu sayda sual ünvanlayıb. Müsahibədə ksenofobiya, o cümlədən, islamofobiya mövzusuna da geniş surətdə toxunulub. DEVAMM sədri xüsusi olaraq qeyd etdi ki, dünyada gedən ksenofobiya prosesi müəyyən əks effektlərə rəvac verib: "Dəqiq müşahidələrdir ki, ksenofobik proseslər nəticədə izlənən hədəflərin əksinə gətirib çıxarır. Bunun ən parlaq misalını biz islamofobiyanın dünyada yaratdığı konseptual nəticələrdə görürük. Əminliklə demək olar ki, "Ərəb baharı" fenomeninin mühüm ünsürlərindən biri məhz islamofobik dalğa ilə bağlıdır. Dünyada gedən islamofobiya prosesləri müsəlman kimliyinin iqrarına, inkişafına, təkamülünə gətirib çıxarmışdır. İnsanlar öz kimlikləri, mənsub olduqları əqidə barədə sual verməyə, axtarış aparmağa başlayırlar. Bu axtarışların nəticəsi olaraq, insanlar kütləvi surətdə dinə gəlirlər, öz kimliklərini dərk etməyə başlayırlar".
"The Times»" Böyük Briyaniyanın gündəlik qəzetidir. Dünyanın ən tanınmış və nüfuzlu nəşrlərindəndir. 1785-ci ildən dərc edilir. Hazırda "The Times", məşhur media maqnatı Rupert Merdokun rəhbərlik etdiyi "News Corporation" korporasiyasına məxsusdur. Qəzet ənənvi olaraq mötədil-sağ mövqe tutur.