/Aran agentliyi
20 fevral 2011-ci ildə Göygöl rayonundakı “N” saylı hərbi hissədə faciəli şəkildə həlak olan 7 əsgərin valideyni “Azadlıq” qəzeti vasitəsilə aidiyyəti orqanlara müraciət ünvanlayıb.
Müraciətdə göstərilir: “Milli Ordunun Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsində öz hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşÿ 7 əsgərimizin faciəsi hələ də bizi ağrıtmaqdadır.
Atəşkəs dövründə əsgər ölümlərinin ilbəil artması ordudakı acınacaqlı vəziyyətdən xəbər verir. Rəsmi məlumatlarda isə Orduda olan əsl vəziyyəti gizlədirlər. Halbuki, bütün cəmiyyət Milli Orduda baş alıb gedən rüşvətxorluq, korrupsiya, özbaşınalığın dövlət əmlakının külli miqdarda oğurlanmasından yaxşı xəbərdardır. 7 əsgərin bir hadisə nəticəsində həlak olması heç də ordunun döyüş vəziyyətinin yaxşı olmasından xəbər vermir”.
Bizi hiddətləndirənlər
“Bu günə kimi rəsmi dairələr 7 əsgərin ölümünün əsl səbəbini cəmiyyətə açıqlamır. Hələ bu azmış kimi, onların təmiz adlarına qara yaxılması bizi həddən ziyadə hiddətləndirir.
Dövlət öz əsgərinin həm dirisinə, həm ölüsünə sahib çıxmalıdır. Amma biz nəyin şahidi oluruq?! 7 əsgərin həlak olmasının əsl səbəbləri gizlədilməklə cəmiyyətə dezinformasiya ötürülür.
7 əsgərin ölümünü istintaq orqanı biabırçı bir motivlə əsaslandırmağa çalışır. Bunun üçün bütün vasitələrə əl atılır. Ölüm faktları ilə başlanmış cinayət işi həmin faktlar üzrə xitam edilir. ÿÿ
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun arxivinə verilir. Ölüm faktları ilə bağlı olmayan vəzifə cinayətləri ilə məsuliyyətə alınmış bir neçə aşağı rütbəli və vəzifəli zabit məhkəməyə verilir”.
Niyə sizdən səs çıxmır?
“7 əsgərin ölümünə görə zərərçəkmiş kimi tanınmış onların valideynlərinin hüquqları istintaqda və məhkəmədə kobud şəkildə pozulur. Pozulmaqda da davam edir. Amma səlahiyyətli dövlət orqanları onlara edilmiş saysız-hesabsız müraciətlərə heç bir reaksiya vermir.
Başqa ölkələrdə, hətta bir əsgər orduda həlak olanda buna ən azı müdafiə naziri səviyyəsində rəsmi münasibət bildirilir. Amma bizdə 7 əsgər birdən qətlə yetirilir, heç bir yüksək vəzifəli şəxs buna rəsmi münasibətini bildirməyib”.
“Həmin əsgərlərin xatirəsi ən əziz hörmətə layiqdir. Onların valideynləri, doğmaları, ailələri dövlətin qayğısı ilə əhatə olunmalıdır. Normal dövlətdə belə də olmalıdır. Amma bizdə tamamilə əksinədir. Mərhumların valideynlərini məmurlar ələ salıb, təhqir edirlər. Neçə aydır ki, Gəncə Hərbi Məhkəməsində hadisə baş verən hərbi hissənin zabitləri barəsində yuxarıda göstərilən cinayət işinə baxılır. Məhkəməyə 7 mərhum əsgərin valideynləri də zərərçəkmiş kimi çağırılırlar. Bir neçə dəfə zərərçəkmişlər Gəncəyə gedib-gəlsələr də, məhkəmə iclasları baş tutmur və təxirə salınır.
Məhkəmə (Hakim Əlizamin Abdullayev) bunuÿtəmin etmək əvəzinə polis şöbələrinə göstəriş verir ki, zərərçəkmişləri məcburi surətdə məhkəməyə gətirsinlər. Bu işdə ona Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Idarə rəisi Cəfər Cəfərov çox canfəşanlıqla “kömək” edir”.
Siz rəzalətə bir baxın!
“Dövlət bu şəxslərin qayğısına qalmaqdan, onların problemlərini həll etməkdənsə onlara qarşı zor tətbiq edir.
Həmin zərərçəkmiş valideynlərin nəinki yol xərclərini, orada qalmaq xərclərini dövlət ödəməlidir. Onları həkimlə, psixoloqla təmin etməli, hüquqi yardım almaları üçün xüsusi vəsait belə ayrılmalıdır.
Hər dəfə dövlətin varından, iqtisadi gücündən ağız dolusu danışan dövlət rəsmiləri, indi necə olur ki, bu zərərçəkmişlər üçün cüzi xərcləri çəkə bilmirlər?!
Biz tələb edirik ki, bu özbaşınalıqlara son qoyulsun. Iş üzrə normal, obyektiv istintaq və məhkəmə aparılsın”.