/Aran agentliyi
Azərbaycan dövlət bayrağının rəngləri yenə beynəlxalq səviyyəli tədbirdə, özü də ölkə başçısı İlham Əliyevin gözləri qarşısında təhrif edildi. Bununla növbəti dəfə bütün dünyada bəlli oldu ki, Azərbaycana rəhbərlik edən adamlar üçün bu dövlətin simvolu olan bayraq heç bir əhəmiyyət daşımır. Bu dəfə bayrağımızı Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində İlham Əliyevlə Hillari Klintonun görüşü zamanı yanlış asdılar.
Azərbaycan prezidentinin başı üzərində asılan bayraq Azərbaycanın deyildi. Bu bayraq mavi-qırmızı-mavi rəngdə olmaqla Azərbaycan dövlətinin atributu sayıla bilməzdi. Bu dəfə də nə prezident, nə də onun protokolu başlarını qaldırıb bayrağın rənglərinə baxmadılar. Ya da baxdılar, sadəcə olaraq, bayrağı tanımadıqlarından fərqinə varmadılar.
Xatırladaq ki, bir müddət əvvəl də İlham Əliyev Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Borozzo ilə görüşəndə Azərbaycan bayrağı tərsinə, rənglərin ardıcıllığı pozulmuş şəkildə asılmışdı.