Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Azərbaycan müdafiə nazirinin görüşü olub
/Aran agentliyi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Azərbaycan müdafiə nazirinin görüşü olub
Fevralın 7-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Geniş tərkibli görüşdə S. Əbiyev qonağı bölgədə hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumatlandırıb. Nazir qeyd edib ki, Minsk Qrupunun konflikti həll etmək istiqamətində göstərmiş olduğu səylər konkret nəticə vermədiyi üçün Azərbaycan işğal olunmuş torpaqlarını başqa vasitələrlə azad etmək məcburiyyətində qalır, buna görə də Silahlı Qüvvələrini getdikcə gücləndirir.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşdə bu əlaqələrin daha da dərinləşməsinin vacibliyi vurğulanıb. Bu mənada həm NATO çərçivəsində, həm də ikitərəfli qaydada Türkiyə-Azərbaycan hərbi əlaqələrinin verdiyi töhfə xüsusi qeyd olunub.