/Aran agentliyi
ABŞ Konqresi Nümayəndələr Palatasında Azərbaycan məsələləri üzrə işçi qrupunun həmsədri Dən Boren bəyanatla çıxış edərək Ağ Evi Azərbaycana yeni səfir təyinatı üçün namizəd irəli sürməyə, Senatı isə onu təsdiqləməyə çağırıb.
Yanvarın 18-də etimadnaməsini prezident Obamaya təqdim edən Azərbaycanın səfiri Elin Süleymanovu Vaşinqtonda salamlayan konqresmen həmkarlarına xatırladıb ki, Azərbaycandan fərqli olaraq, ABŞ-ın Bakıda səfir postu yenə də boşdur. O, deyib ki, bir il vakant qaldıqdan sonra prezident Obama 2010-cu ildə Mətyu Brayzanı təsdiqlənmə prosesi ləngidiyinə görə səfir təyin edib. Lakin, təəssüf ki, Senat onun namizədliyini səsə qoymayıb və Brayza bu yaxınlarda ABŞ-a qayıdıb.
Konqresmen vurğulayıb ki, Azərbaycan ABŞ qoşunlarını Əfqanıstana vacib nəqliyyat marşrutu ilə təchiz edən və Xəzər hövzəsinin neft və qaz ehtiyatlarını Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq bölgəsinə aparan əsas strateji tərəfdaşlardan biridir. Amerika-Azərbaycan münasibətlərinin vacibliyini nəzərə alaraq, bu ölkədə səfirin olmaması yolverilməzdir. Boren deyib: “Biz, azsaylı müsəlman müttəfiqlərimizdən biri olan ölkə üçün düz olanı etməliyik.” O, həmkarlarına da Administrasiyanı Azərbaycana yeni səfir təyinatı üçün namizəd irəli sürməkdə tələsdirməyi, Senati isə ABŞ-ın milli təhlükəsizliyi maraqlarını nəzərə alaraq, tezliklə bu namizədliyin təsdiqinə çağırmağı məsləhət görüb.