/Aran agentliyi
"İslam ümmətinin vəhdəti Allah-Təalanın Quranda göstərmiş olduğu çağırışıdır. Ümumilikdə məqsəd bütün bəşəriyyətin vəhdəti, insanlığın bir-birinə yaxınlaşması, İlahi mənəviyyat çətiri altında birləşməsidir. İslam ümmətinin birliyi bu yolda atılmış ciddi bir addım nümunəsi sayılmalıdır". Bu sözləri İslam dünyası Məhəmməd Peyğəmbərin (s) mübarək mövludu ilə bağlı SalamNews-a verdiyi müsahibədə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Hacı Elşən Müstafaoğlu deyib.
- Qarşıdan İslam Peyğəmbərinin (s) mübarək mövlud günü gəlir. Bu coşqu dolu günlə bağlı fikirləriniz necədir?
- Əvvəla, sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mövlud günü münasibətilə müsəlmanların simasında bütün bəşəriyyəti təbrik edirəm. Belə ki, Həzrət Məhəmməd (s) Allah-Təalanın bütün bəşəriyyətə göndərdiyi peyğəmbərdir və məhz onun vasitəsilə Rəbbimiz bizə son İlahi vəhylər toplusunu, bəşəriyyətə dünya və axirət səadətinin yolunu göstərən Quranı nazil edib. Bu böyük şəxsiyyətin doğum gününü qeyd etməklə sanki bir daha həmin o ilahi dəyərlərə sədaqətimizi nümayiş etdirirmiş oluruq.
- Mövlud mərasimlərinin tarixi haradan qaynaqlanır?
- Tarixdə müəyyən iz qoymuş, seçilən, əhəmiyyət daşıyan hadisələrin ildönümünü qeyd etmək ənənəsi uzaq keçmişlərə gedib çıxır. Keçmiş ümmətlər də peyğəmbərlərin təvəllüdünü, yaxud mühüm hadisələrin ildönümünü qeyd ediblər. Bunun daha qabarıq təzahürünü biz Həzrət İsa peyğəmbərin (ə) doğum günü ilə bağlı görməkdəyik. Qədim tarixə malik bu ənənəyə müsəlmanlar da biganə deyillər. Belə əlamətdar günlərdə, ildönümünlərdə insanların sevinməsi, hisslərini bölüşmək istəmələri təbii qarşılanmalıdır.
- Qeyd etdiyimiz mövlud günlərində hansı əməllər vacibdir?
- İslamda bayram mərasimləri zamanı xüsusi fiqhi əməlləri olan iki bayram var – Fitr (Ramazan) və Qurban bayramı. Həmin günlərdə səhər vaxtı bayran namazları qılınır. Sevinc hissi ilə qeyd edilən digər əlamətdar günlərlə, o cümlədən, mövlud bayramlarında xüsusi bir fiqhi əməl yoxdur. Amma bir bayram günü kimi tövsiyə olunan gözəl əməl odur ki, insanlar sevinclərini paylaşsınlar, bir-birilərinin, qohumların ziyarətinə getsinlər, ehtiyaclı insanları yad edib, imkan daxilində əl tutsunlar, ehsan, sədəqə versinlər, yetimləri, xəstələri yaddan çıxarmasınlar... Yəni, bu rəmzi xarakter daşıyan əlamətdar günlərdə ilahi-mənəvi dəyərlərə möhkəm sarılsınlar. Həzrət Əlinin (ə) gözəl bir kəlamını qeyd etmək yerinə düşər. O buyurub ki, insanın günah etmədiyi hər gün onun üçün bayramdır. Çox ibrətamiz fikirdir. Bayram nədir? İnsanın qəlbən sevinməsi, ruhunun gülməsi, qəlbinin rahat olması! Rəbbimiz Qurani-Kərimin “Rəd” surəsində buyurur ki, “...qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!”. Deməli, insan Allahla olduqda, Ona sarıldıqda, Onu zikr edib yaşadıqda həmin o qəlb rahatlığını, könül sevincini əldə edir, günahlardan, pis işlərdən çəkinməklə, yalnız saleh işlər görməklə dinclik tapır. Belə isə, günahlardan uzaq olaq ki, hər günümüz bayram olsun!
- Əlamətdar hadisədir ki, müsəlmanlar bu günləri, həmçinin, vəhdət həftəsi formatında qeyd edirlər...
- İslam ümmətinin vəhdəti Allah-Təalanın Quranda göstərmiş olduğu çağırışıdır. Ümumilikdə məqsəd bütün bəşəriyyətin vəhdəti, insanlığın bir-birinə yaxınlaşması, İlahi mənəviyyat çətiri altında birləşməsidir. İslam ümmətinin birliyi bu yolda atılmış ciddi bir addım nümunəsi sayılmalıdır. Təəssüflər olsun ki, müsəlmanlar parçalanıblar, bir-birindən uzaq, çox hallarda isə yola getməyən toplumlara çevriliblər. Həzrət Peyğəmbərimiz (s) bütün ümmətin ortaq dəyəridir. Onun mövludu həftəsi bizə eyni dəyərləri paylaşmağa, müştərək olan nöqtədə birləşməyə, vahid islam ümmətinə doğru praktik addımlar atmağa gözəl imkanlar yaradır. Bu amalla böyük İslam alimləri ulu Peyğəmbərin (s) doğum tarıxını vəhdət həftəsi elan ediblər ki, parçalanmış, bölünmüş və zəifləmiş ümmət aləmlərə rəhmət olan peyğəmbərimiz ətrafında, onun vasitəsilə gətirilən son ilahi kitab ətrafında birləşsin, doğmalaşsın. Buna böyük ehtiyac var və ümid edək ki, ümmətimiz vəhdət həftəsinin bu yolda qazanılan əməli bəhrəsinin şahidi olacaq...
- İslam peyğəmbərinə (s) xas məziyyətlərdə diqqətinizi ən çox çəkən nədir?
- Peyğəmbərimizin (s) bütün vücudu ilə Allaha sarılması, sədaqətli bir Allah bəndəsi, Allah qulu olması. Təsadüfi deyil ki, namazda təşəhhüd deyərkən peyğəmbərə şəhadət verdikdə deyirik: ”Allahın qulu və rəsulu!” Yəni onu rəsul olmasından əvvəl qul deyə vəsf edirik. Büsbütün ilahi mənəviyyat qanunlarına sarılmaq, yalnız Allaha sadiq qul olmaqla, Ondan başqa bütün məxluqat üzərində ucalmaq, ülviləşmək - bu çox önəmli bir məsələdir. Əslində,bununla insanı nəfsani istəklərə əsir olmaqdan, onu dünya qulu, mal-dövlət, şan-şöhrət qulu, digər insanların qulu, öz nəfsinin qulu olmaqdan tam azad edir! Bu, “Allahdan başqa İlahi yoxdur!” ifadəsinin tam mənada təsdiqidir. Rəbbimizin buyurduğu kimi, iman və saleh əməl sahibi ol, insanları da haqqa dəvət elə, bir bəşər islahatçısı ol! Qəlbində ilahi nur yandırıb, onunla bəşəriyyəti qaranlığa – cəhalətə, mənəviyyatsızlığa, əxlaqsızlığa, haqsızlığa, xurafata, rəzalətə qərq etmiş aləmə işıq saç. Bax, elə bu xüsusiyyətlərinə görədir ki, Allah Quranda Həzrət Məhəmməd peyğəmbəri (ə) bəşəriyyətə ən gözəl nümunə olaraq təqdim edir. Nə yazıqlar ki, cəmiyyətimizdə Həzrət Məhəmmədin (s) gətirdiyi bu ilahi dəyərlər lazımi şəkildə təbliğ olunmur və əksər hallarda din bir ayinlər toplusu, qəliz və mücərrəd fikirlər, orta əsrlərin bir ənənəsi kimi təqdim olunur. Buna təəssüflənmək lazımdır.
SalamNews