g/arannews
Cari ilin 24 yanvar tarixində Azərbaycanla İsrail arasında “Gömrük sahəsində qarşılıqlı dəstək barədə Müqavilə” imzalanıb. Qeyd edək ki, 2011-ci ilin göstəricilərinə əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Rəsmi göstəricilərə görə, İsrail ticarət dövriyyəsi baxımından Azərbaycanın rəsmən beşinci tərəfdaşıdır. Xatırladaq ki, müqavilənin imzalanması Davosda Azərbaycan və İsrail prezidentləri İlham Əliyevin və Şimon Peresin arasında keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri idi.
Gömrük sahəsində əməkdaşlıq müqaviləsini DGK-nin sədri Aydın Əliyev və İsrailin Azərbaycandakı səfiri Mixael Lotem imzalayıb. İmzalanma mərasimində A.Əliyev İsrail gömrük orqanları ilə əməkdaşlığda maraqlı olduqlarını da qeyd edib: “Dövlət Gömrük Komitəsi İsrail Gömrük İdarəsi ilə əməkdaşlığın genişlənməsində maraqlıdır və bu müqavilə ikitərəfli münasibətlərə yeni impuls verəcək, əməkdaşlıq prosesini sürətləndirəcək” (mənbə-"İzrus" portalı).
Müqaviləyə görə, İsrail tərəfi Azərbaycan gömrük orqanlarının yeni texnologiyalarla təchiz edilməsində, kadrların hazırlanmasında, narkotik və qaçaqmalçılıqla mübarizə sahəsində dəstək verəcəyini bəyan edib. Gömrükdə olan mənbəmizin məlumatına görə, iki ölkə gömrük orqanları arasında ilk kontaktlar 2009-cu ilin avqust ayında olub. Belə ki, həmin tarixdə DGK-nın nümayəndə heyəti İsrailə ilk səfərini etmişdi. İlkin danışıqlarda niyyət protokolu da imzalanmışdı. İsrail tərəfindən sənədə İsrail Vergilər İdarəsinin gömrük şöbəsinin rəisi Doron Arbeli, ölkəmiz tərəfindən DGK-nın xarici əlaqələr şöbəsinin müdiri Dilavər Fərzəliyev imza atıb. Məlumatlara görə, İsraildə azərbaycanlı rəsmilər Aşdod limanının gömrüyündə olublar, onlara limanın ticarət dövriyyəsi, gömrük xidmətinin inspeksiyasının təşkili, müvafiq qanunvericilik barədə məlumat verilib.
Məhz bu səfərdən sonra, 2011-ci ilin martında məxsusi olaraq İsrailə dəstəyini nümayiş etdirmək üçün Azərbaycan Nazirlər Kabineti yəhudilərin Pesax bayramı üçün nəzərdə tutulmuş və İsraildən göndərilən matsa və koşer şirəsinin gömrük rüsumundan rəsmən azad etdi. Qeyd edək ki, adları çəkilən məhsulları İsraildən “Or-Avner” beynəlxalq fondu göndərib. Qeyd edək ki, bəzi mənbələrə görə, adıçəkilən fond birbaşa İsrail dövləti və xüsusi xidmətləri ilə bağlı təşkilatdır. Maraqlıdır ki, cari ilin 19 yanvar tarixində ölkə MTN “Xabad ov-Avner” təhsil mərkəzinə qarşı terrorçuluqda suçlanan şəxslərin tutulmasına dair məlumat yaymışdır.
Maraqlıdır ki, 2010-cu ildə İsraildən Azərbaycana ixracat 110 milyon dollar təşkil edib, bunlardan 62 mln məhz yüksək texnologiyalar sahəsinə aiddir. Belə ki, yüksək texnologiyalı müasir avadanlıq DGK, MTN, DİN, FHN və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə verilmişdir./"Yeni Müsavat"