Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu belə deyib
/Aran agentliyi
Hüquq müdafiəçisi qeyd edib ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunda hicabla bağlı məhdudiyyət yoxdur: “Qanunun tətbiqi ilə bağlı təlimatda “şəxsin …papaqsız təsviri” kimi bir ifadə var ki, məmurlar “papaqsız” sözünü ümumiyyətlə baş örtüyünə aid ediblər. Halbuki yaylıq papaq deyil. Sonrakı mərhələdə bu qeyri-rəsmi tətbiq qaydası Daxili İşlər Nazirliyinin müvafiq təlimatı ilə rəsmiləşdirildi. Yəni Daxili İşlər Nazirliyinin təlimatında “papaqsız” analyışı “baş örtüksüz” kimi tövsif edildi. Bircə bu təlimatı dəyişdirmək kifayətdir ki, problem öz həllini tapsın”.
Hüquq müdafiəçisi heç bir sivil ölkədə belə məhdudiyyət olmadığını vurğulayıb: “Hətta hansısa ölkədə sənəd almaq üçün sifətin baş örtüksüz təsvirini təqdim etmək tələb olunursa da, mütləq göstərilir ki, dini etiqadla bağlı geyinilən baş örtükləri istisnadır.
Azərbaycanda bu məhdudiyyətin səbəbini indiyədək heç kəs izah etməyib. Əvvəl məmurlar identifikasiya versiyasını irəli sürürdü, yəni guya yaylıq identifikasiyaya mane olur. Lakin ən sərt identifikasiya standartları tətbiq edən ABŞ, Böyük Britaniya kimi dövlətlərin hicablı fotoda pasport vermələri bu versiyanı kənarlaşdırdı. Özü də mütəxəssislərin rəyinə görə, identifikasiya sifətin ovalı üzrə aparılır, saçlar, saç düzümü əslində burada diqqəti yayındıran amil hesab edilir.
Sonrakı mərhələdə dillər əzbəri olmuş “dünyəvilik prinsipi” versiyası səsləndirilirdi. Lakin dünyəvilik məfhumunun özülünü qoymuş, bu prinsipə cidd-cəhdlə riayət edən bütün dövlətlərdə hicablı fotoya heç bir məhdudiyyətin olmaması, əksinə, məhz dünyəvilik prinsipinin dini etiqad azadlığının təminatını labüd etməsi bu versiyanı da aradan götürdü.
Sonrakı mərhələlərdə heç bir izah-filan verilmədi və arıq 14 ilə yaxındır ki, bu problem yaşanır. Sirr deyil ki, nə qədər inanclı insan bu səbəbdən şəxsiyyət vəsiqəsi ala bilməyib və nə qədər inanclı şəxs sənəd almaq məcburiyyəti qarşısında etiqadına zidd addım atmaqdan dərin iztirablar keçirib.
Biz çox ümid edirik ki, yeni şəxsiyyət vəsiqələrində bu problem, nəhayət, öz həllini tapar. Biometrik sənədlərdə aid beynəlxalq standartlarda məhz sifətin ovalının təsviri tələb edilir. Azərbaycanda da sifətin ovalı əsasında standart tətbiq edilsə, hicab problemi həllini tapmış olardı. Ölkə inanclıları bu məsələdə çox ümidlidirlər. Bu problemin qalması heç kəsə lazım deyil”.
Media forum