Tarix : 2012 Feb 14
Kod 28620

Diktatorlarla tarixə gömülən hakim partiyalar

Mübarəkin 2,5 milyonluq, Bin Əlinin 2 milyonluq partiyaları onları xilas etmədi
/Aran agentliyi

YAP-ın aqibəti onlardan çoxmu fərqlənəcək?

YAP rəhbərliyində təmsil olunan şəxslər partiya üzvlərinin sayı ilə öyünməyi adət edib. Partiya üzvlərinin sayının yarım milyonu ötdüyünü deyən hakim partiya funksionerləri bununla cəmiyyətdə nüfuzlarının olduğunu nümayiş etdirmək istəyirlər.

YAP-ın açıqladığı statistikaya görə, partiya üzvlərinin sayı 527 min nəfərə çatıb. Ancaq heç kimə sirr deyil ki, digər avtoritar ölkələr kimi, Azərbaycanda da məcburi partiyalaşdırma mövcuddur. Nəinki yüksək vəzifələrdə çalışanlar, hətta sıravi içşilər, müəllimlər, həkimlər, kommunal təsərrüfatında çalışanlar da məcburi şəkildə hakim partiyaya üzv yazdırılır. Bununla belə, YAP rəhbərliyi müxalifət partiyalarının nüfuzunun olmadığını deyir və bu partiyaları aşağılamağa yönələn fikirlər səsləndirirlər. Xüsusilə müxalifəti qaralamaqla hər zaman gündəmdə olan YAP icra katibinin müavini Siyavuş Novruzov cəmiyyətdə kifayət qədər nüfuzu olan aparıcı Müsavat və AXC-ni partiya saymadığını deyib. Ancaq tarix və hazırda dünyada baş verən proseslər göstərir ki, sıralarının süni şəkildə artırılması çətin anda partiyanın dadına çatmır. Buna ən bariz nümunə kimi Kommunist partiyasını göstərmək olar. Sovet hakimiyyəti dövründə SSRI əhalisinin 10 faizi, təxminən 19 mln adam Kommunist partiyasının üzvü olub. Onlardan təxminən 400 mini Azərbaycanın payına düşürdü. Ancaq sovet respublikalarında milli azadlıq hərəkatı baş qaldıranda 19 milyonluq partiya bunun qarşısında dayana bilmədi. Inqilabların baş verdiyi ərəb ölkələrinə nəzər salanda da eyni mənzərəni görmək olar. Ötən il inqilab nəticəsində hakimiyyətdən devrilən Hüsnü Mübarəkin rəhbərlik etdiyi Milli-Demokrat Partiyasının sıralarında 2,5 mln üzv olub. Bu da 80 milyonluq Misir əhalisinin 3 faizini təşkil edib. Ancaq inqilab baş qaldıranda 2,5 milyonluq partiya xalq üsyanı qarşısında aciz qaldı. Üstəlik də bu qədər üzvü olan partiya mövcudluğunu da qoruyub saxlaya bilmədi. 2011-ci ilin aprelin 16-da Misirin Ali Inzibati Məhkəməsi onun qeydiyyatını ləğv edib.

Tunisdə də devrilmiş prezident Zeynalabdin Bin Əlinin təmsil olunduğu Konstitusion Demokratik Birlik öz sıralarında 2 milyon adam cəmləşdirmişdi. Bu da 10 milyonluq Tunis əhalisinin beşdə bir hissəsini təşkil edirdi. Ancaq bu qədər üzvü olan partiya da xalq üsyanı qarşısında tab gətirə bilmədi. 2011-ci ilin fevralında bu partiyanın da fəaliyyətinə qadağa qoyuldu.

Bunun üçün bir neçə misal da çəkmək olar. Ancaq tarix sübut edib ki, partiya sıralarının süni şəkildə artırılması heç bir diktatora və avtoritar rejimə kömək etməyib.

Inzibati yollarla üzvlərinin sayını şişirtməyin heç bir partiyaya faydası olmayıb. Çünki partiyaya rəğbət onun partbiletlərinin sayı ilə ölçülmür. Heç kəsə sirr deyil ki, Azərbaycanda minlərlə insan iş yerini itirməmək üçün YAP üzv olmaq məcburiyyətində qalıb. Ölkədə kütləvi narazılıq baş qaldıracağı təqdirdə isə bu şəxslər heç bir halda YAP-a dayaq olmayacaq. YAP üzvlərinin də bunu bilməsi yaxşı olardı.

Azadliq

  • Yazılıb
  • da (də) 2012 Feb 14