Azərbaycanda istər fərqli düşünən, istərsə də sağlam əqidəyə bağlı olan insanlara nədənsə təhlükə mənbəyi kimi baxılır
/Aran agentliyi
Azərbaycanda istər fərqli düşünən, istərsə də sağlam əqidəyə bağlı olan insanlara nədənsə təhlükə mənbəyi kimi baxılır. Günahsız insanların həbsi ölkədə müstəqil məhkəmə sisteminin olmamasından, ədalətsiz hökmlərin sifarişliliyindən xəbər verir. Bunu Azərbaycan İslam Partiyasının (AİP) siyasi məsələlər üzrə sədr müavini Hacı Akif Heydərli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Mətbuat konfransı bir qrup dindarın “Şəhidlər xiyabanı”-nı ziyarətə gedərkən Yasamal rayonu ərazisində həbsinin ikinci ildönümünə həsr edilib. AİP-in mətbuat xidmətindən İslamazeri.az-a daxil olan bəyanatda deylir ki, “İki il əvvəl fevralın 13-də bir qrup mömin insan bütün müsəlman dünyasında olduğu kimi, əziz Peyğəmbərimizin (s) rehləti və İmam Həsənin (ə) şəhadətilə əlaqədar əzadarlığa qoşulmaq qərarına gəldilər. “Hacı Sultanəli” məscidində əza mərasimini başa çatdıqdan sonra, Xocalı faciəsi öncəsi olduğunu nəzərə alıb, Vətən uğrunda canından keçmiş şəhidlərin və həmçinin Xocalı qurbanlarının ruhlarına dualar oxumaq üçün ″Şəhidlər xiyabanına″ yola düşdülər. Onlar Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının müşayiətilə Nərimanov heykəlinə çatar-çatmaz, Səbail Rayon Çevik Polis Alayının əməkdaşları, daha doğrusu rəhbər orqanları ilə birlikdə tez bir zamanda ssenariləşdirilmiş “mancanağa” salındılar”, - deyə A.Heydərli vurğuladı.
O söyləyib ki, AİP saxta ittihamlarla həbs olunan, konistitusiya hüquqları, dini-etiqad və vicdan azadlıqları əllərindən alınan islamçiların azadliğa buraxılmasını tələb edir: “Düşünürük ki, hər bir vətəndaşın siyasi mənsubiyyətindən asılı olmayaraq, qeyri-qanuni təhdid olunması dövlətçiliyi sarsıdır, insanların dövlətə etimad kriteriyasına ciddi zərbələr vurur, ayrı-ayrı hüquq-mühafizə işçiləri insan azadlığını süni şəkildə məhdudlaşdırmağı ilə özünün qeyri səmimi “sədaqət”ini göstərməyə çalışır. Əslində belələri cəmiyyətdə təhlükəli tendensiyalar yaradır, ölkənin beynəlxalq imicinə ləkə gətirirlər.
Xatırladaq ki, 2010-cu il fevralın 13-də bir qrup dindar və polis arasında paytaxtın Yasamal rayonu ərazisində qarşıdurma baş verib. Nəticədə bir neçə dindar saxlanılaraq polis bölmələrinə aparılıb. Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Ağəli Yəhyayev və Seymur Hüseynov ümumilikdə Yasamal Rayon Məhkəməsi tərəfindən 21 il 8 ay azadlıqda məhrum ediliblər. AİP hesab edir ki, həbslər məqsədyönlü olaraq əvvəlcədən planlaşdırılıb və partiyasının funksioner və sıravi üzvləri qarşı yönəldilib. Partiyanın rəsmi bəyanatında bildirilir ki, nə istintaq dövründə, nə də məhkəmə zalında islamçılara qarşı qaldırılan saxta ittihamlar sübut olunmayıb. Lakin buna baxmayaraq, təzyiq altında məhkəmə istintaqına cəlb olunan yalançı şahidlərin fikirləri əsasında günahsız vətəndaşlara iş kəsilib.