Türkiyədə Milli İstihbarat Təşkilatının indiki və keçmiş direktorlarının Öcalanla işbirliyi ortaya çıxıb
/Aran agentliyi
Türkiyədə Milli İstihbarat Təşkilatının indiki və keçmiş direktorlarının istintaqa çağırılması ilə bağlı yaranan misli görünməmiş siyasi qalmaqal dərinləşir. MİT direktoru Hakan Fidan, bu təşkilatın keçmiş direktoru Əmrə Taner, onun müavini Afet Güneş və daha iki yüksək rütbəli MİT təmsilçisi PKK-nın şəhərlərdə fəaliyyət göstərmək üçün qurulmuş siyasi qolu KCK-ya qarşı aparılan istintaq çərçivəsində İstanbul prokurorluğunun xüsusi səlahiyyətli dövlət ittihamçısı tərəfindən şübhəli şəxs qismində ifadə verməyə çağırılıblar.
Prokuror Sədrəddin Sarıkaya bu əmri hətta İstanbul cümhuriyyət prokuroru, “Ergenekon” işinin istintaqına rəhbərlik edən Turan Çolakkadını məlumatlandırmadan imzalayıb. Onun əmrinə əsasən MİT direktoru və bu qurumun digər adı keçən mənsubları fevralın 9-da İstanbula gedib ifadə verməliydi. Əvvəlcə Hakan Fidan və digərlərinin ifadəyə çağırılması xəbərini hökumət rəsmiləri təkzib etməyə çalışıblar, daha sonra xəbər təsdiqlənib. Gözlənilirdi ki, Hakan Fidan və digərləri İstanbula gedib prokuror Sarıkayaya ifadə verəcəklər. Lakin günün sonunda Hakan Fidanın istintaqa ifadə verməyəcəyi açıqlanıb. MİT-dən bildirilib ki, prokurorun onu dindirmək səlahiyyəti yoxdur və əvvəlcə baş nazirdən icazə alınmalıdır. Daha sonra H.Fidan Çankaya iqamətgahına gedərək prezident Abdulla Güllə görüşüb.
Mətbuata məlum olub ki, baş nazir Ərdoğan ona yaxın şəxs olan Hakan Fidanın KCK istintaqı çərçivəsində ifadəyə çağırılmasından qəzəblənib. O, ədliyyə nazirinə xüsusi səlahiyyətli dövlət ittihamçılarının səlahiyyətlərində MİT rəhbərlərini istintaqa cəlb etməyi qeyri-mümkün edən düzəlişlər etməyi tapşırıb. Ehtimal edilirdi ki, ədliyyə naziri Sadullah Ergin Ərdoğanla görüşdən sonra MİT rəhbərlərini istintaqa çağıran prokuroru vəzifədən azad edə bilər. Lakin belə görünür ki, hökumət ittihamın MİT-PKK anlaşması ilə bağlı olduğunu nəzərə alaraq qalmaqalı daha da dərinləşdirməmək üçün prokuroru dərhal cəzalandırmır. Prokuror Sarıkaya isə Hakan Fidan və digərlərinin istintaqa gəlməməsi ilə bağlı dünən yeni sanksiya imzalayıb. Bu sanksiyaya əsasən MİT direktorunu dindirmək üçün Ankara Cümhuriyyət Prokurorluğuna təlimat göndərilir. Bu təlimata əsasən H.Fidan Ankara prokurorluğunda ifadə verməlidir. MİT-in keçmiş direktoru Əmrə Taner və digər iki təşkilat təmsilçisinin isə barələrində prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Həmin qərara görə, Əmrə Taner, Afet Günəş və digər iki MİT-çi görüldükləri yerdə dərhal həbs edilməlidir.
Bəs prokuror MİT rəhbərlərini nədə şübhəli bilir? Mətbuata məlum olub ki, söhbət PKK rəhbərləri ilə gizli danışıqlar və bu danışıqlar nəticəsində əldə edilmiş anlaşmalardan gedir. MİT rəhbərliyini istintaqa cəlb etmək üçün dəlillər ötən ay Diyarbəkirdə kürd partiyası BDP-nin yerli təşkilatının binasında KCK istintaqı çərçivəsində aparılan axtarış nəticəsində tapılıb. Bu axtarış zamanı 12 səs yazısı və Abdulla Öcalanın İmralıdan göndərdiyi 19 məktub əldə edilib. Səs yazıları MİT rəhbərləri ilə PKK-nın yüksək rütbəli təmsilçiləri ilə Norveçin paytaxtı Osloda aparılmış gizli danışıqları əhatə edir. Bu danışıqlar ötən il mayın 12-13-də aparılmışdı və onunla bağlı səs yazısının bir hissəsi internetə ötürülmüşdü. O vaxta qədər hökumətlə PKK arasında danışıqların getdiyi barədə xəbərlər təkzib edilsə də, səs yazısının yayılmasından sonra baş nazir Ərdoğan belə təmasların olduğunu təsdiqlədi. Ancaq dedi ki, təmaslar dövlət tərəfindən qurulub.
Xəbərlərə görə, Osloda əldə edilmiş anlaşmaya əsasən PKK terror hücumlarını dayandırmalı, bunun əvəzində hökumət kürd məsələsinin həlli üçün addımlar atmalı, bəzi PKK-çıları sərbəst buraxmalı, hərbi və siyasi əməliyyatları dayandırmalı, KCK əməliyyatlarında tutulanları buraxmalı idi. Prokurorların bu dəlillər əsasında gəldiyi qənaətə görə, MİT rəhbərliyi PKK-nın və onun siyasi qolu olan KCK-nın idarə edilməsində vasitəçi rolu oynayıb. Əvvəlcədən silahlı fəaliyyət göstərməsi nəzərdə tutulan KCK-nın təşkilatlanması MİT-in nəzarəti altında həyata keçirilib. MİT öz funksiyalarından kənara çıxaraq dövlətin konstitusional quruluşuna və bütövlüyünə qarşı anlaşma əldə edib. Terror təşkilatının silahlı əməliyyatlarına göz yumulub. Öcalanla PKK-nın rəhbərliyi arasında məktublaşmaya imkan yaradılıb. MİT PKK qarşısında üzərinə götürdüyü öhdəliklər çərçivəsində silahlı qüvvələrin terrorçulara qarşı əməliyyatlarını əngəlləmək üçün fəaliyyət göstərib, PKK-ya məlumatlar sızdırıb. Türkiyə müxalifəti, xüsusən MHP Ərdoğan hökumətini PKK il anlaşma əldə etməkdə çoxdan təqsirləndirirdi. Müxalifət bildirirdi ki, AKP seçkilər ərəfəsində PKK ilə anlaşma əldə edərək terror təşkilatı qarşısında öhdəliklər götürüb. Ədliyyə sistemi AKP-nin tam nəzarəti altında olduğundan prokurorun Ərdoğana sadiq MİT direktorunu ifadəyə çağırması hər kəsi çaş-baş salıb. Bəziləri istisna etmir ki, burada Gül-Ərdoğan gizli qarşıdurmasının rolu ola bilər.