Tarix : 2012 Feb 19
Kod 28736

Azərbaycan qazı Ermənistana satılır

“Qazprom” Azərbaycan qazı vasitəsilə erməniləri isidir. Rusiyaya ixrac edilən 1,5 milyard kubmetr qaz Şimali Qafqazdan İrəvana göndərilir
/Aran agentliyi

 

Azərbaycandan Rusiyaya ixrac edilən təbii qaz Ermənistana satılır. Azərbaycan qazının alıcısı olan Rusiyanın “Qazprom” şirkəti ölkəmizdən aldığı qazın tam həcmini İrəvana göndərir. Bu alış- verişin qapalı qalması üçün Şimali Qafqazda ermənilərin idarə etdiyi özəl şirkətlərlə “Qazprom” arasında müqavilə imzalanıb. Yəni izi itirmək üçün “Qazprom” birbaşa Ermənistanı təmsil edən şirkətlərlə iş birliyi qurmayıb.

Türkmənistandan aldığı qazı Avropaya satan “Qazprom”, eyni qayda ilə Azərbaycan qazını da Ermənistana satır. Hətta Ermənistana satılan qaz Avropaya satılan qazdan daha ucuzdur - 1000 kubmetri təxminən 300 dollar.

2010-cu ildən Azərbaycan Rusiyaya qaz ixrac etməyə başlayıb. 2010-cu ildə Rusiyaya 800 milyon, 2011-ci ildə isə 1,5 milyard kubmetr qaz ixrac edilib. Bu il Rusiyaya təxminən 2 milyard kubmetr qaz ixracı planlaşdırılır. Bu qaz tam həcmdə Ermənistana satılırsa, deməli, düşmən ölkə Azərbaycan hesabına tam şəkildə qaz təchizatını həyata keçirir.

Erməni mənbələrinin məlumatına görə, bu ölkədə 3 milyondan bir qədər çox əhali, 600 minə yaxın qaz abonenti var. Bir abonentin ayda 60-70 milyon kubmetr qaz istehlak etdiyini hesablasaq, əhali qrupunun illik istehlak tələbatı ildə 0,5 milyard kubmetrdən çox deyil. Qalan 1 milyard kubmetr də başqa sahələrin ehtiyaclarını təmin etmək üçün yetərlidir. Belə çıxır ki, Ermənistan qaz problemini Azərbaycan qazı hesabına çox sərfəli qiymətə həll edir.

Qazprom” ARDNŞ-dən qazın 1000 kubmetrini 220 dollara alır və 300 dollara Ermənistana verir. Müqayisə üçün deyək ki, Azərbaycan Türkiyəyə qazı elə bu qiymətə satır.

Deməli, Azərbaycan qazından Türkiyə hansı qiymətə faydalanırsa, Ermənistan da həmin qiymətə faydalanır. Fərq budur ki, Ermənistana ötürülən qazdan həm də “Qazprom” gəlir götürür - hər kubmetrinə təxminən 80 dollar.

Bununla da nəhəng qaz ixracatçısı olan Rusiyanın Azərbaycandan qaz idxalının sirri açılır. Rusiya özünün qazını və Türkmənistandan aldığını baha qiymətə Avropaya satır, Azərbaycan qazını isə ucuz qiymətə Ermənistana ötürür. Onu da yada salaq ki, “Qazprom” yalnız iqtisadi maraqlardan çıxış etmir. Kremlin patronajlığı altında olan “Qazprom” Rusiyanın rəsmi enerji siyasətinin icraçısıdır. Bu baxımdan Azərbaycan qazının ucuz qiymətə Ermənistana satılmasını Rusiyanın siyasi qərarı kimi də qəbul etmək olar - Moskva bu yolla Cənubi Qafqazdakı ən sadiq müttəfiqinin enerji problemini həll edir.

Şimali Qafqazdakı mənbə onu da bildirir ki, Azərbaycan qazının “Qazprom” vasitəsilə Ermənistana ötürülməsindən Bakının da xəbəri var. Ancaq nədənsə hökumət hələlik bu məsələdə passiv mövqe tutub. ARDNŞ “Qazprom” qarşısında şərt qoya bilər ki, ixrac edilən qaz heç bir halda Ermənistana satıla bilməz. Ancaq ARDNŞ bu hüququndan istifadə etməyə tələsmir. Görünür, Azərbaycan hakimiyyəti Rusiyanın siyasi qərarına qarşı çıxmaq istəmir.

  • Yazılıb
  • da (də) 2012 Feb 19