/Aran agentliyi
Nardaranda həbs olunanlar kimlərdir?
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki, son günlər qəsəbədə 9 nəfər həbs olunub. O, həmin şəxslərin siyahısını təqdim edib, tutulanların harada saxlandığını və nədə ittiham olunduğunu bilmədiyini söyləyib.
1. Rəsulov Taleh Əliyusif oğlu. 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
2. Ələkbərov Həmidağa Tofiq oğlu. 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmranın kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.
3. Qasımov Rahim Museyib oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
4. Tağıyev Elman Ramiz oğlu. 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
5. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var. Bu yaxınlarda İranda ürəyindən əməliyyat olunub.
6. Zəkiyev Əbülfəz Əlikram oğlu. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.
7. Əli. Natiq Kərimov soyadını bilmədiyi Əli adlı qəsəbə sakininin hazırda axtarışda olan, İranda gizlənən, Azərbaycanda ictimai xadimin həyatına terror hazırlamaqda ittiham edilən Balaqardaş Dadaşovun bacısı oğlu olduğunu deyib.
8. Kərimov Niyazi Əlövsət oğlu. 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Natiq Kərimov deyib ki, Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Onu dispanserdən tutub aparıblar.
9. Bünyadov Əbülfəz Heybət oğlu. Ailəlidir, bir azyaşlı əlil övladı var. “İslam həqiqətləri” qəzetinin müxbiridir. Qəsəbədə aptekdə həbs olunub. Natiq Kərimov bildirib ki, Əbülfəz Bünyadov həm də aptekdə çalışırmış.
Dövlətə xəyanət-nardaranlılara bu ittiham verilib
Bu günlərdə həbs olunan Nardaran qəsəbə sakinlərindən Niyazi Əlövsət oğlu Kərimov, Taleh Əliheydər oğlu Rəsulov və Rahim Müseyib oğlu Qasımov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurlar. Bunu onların vəkilləri deyib. Hər üç şəxsin hüququnu dövlətin təyin etdiyi vəkillər qoruyur. Niyazi Kərimovun vəkili Xədicə Şirinova, Taleh Rəsulovun vəkili Esmiralda Zeynalova, Rahimin Qasımovun vəkili Cahangir Cavadovdur. Vəkillərin bildirdiyinə görə, nardaranlıların hər üçü barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib və onların hamısı hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Xədicə Şirinova bildirib ki, Niyazi Kərimov fevralın 17-də müalicə olunduğu Maştağa ruhi-əsəb dispanserində həbs edilib. Esmiralda Zeynalovanın dediyinə görə, Taleh Rəsulov fevralın 15-də saxlanılıb. Cahangir Cavadov bildirib ki, Rahim Qasımov fevralın 13-də tutulub: “Tutulan kimi mən ona vəkil təyin edilmişəm. Artıq mənim iştirakımla Rahim Qasımovdan ifadə alınıb. Fevralın 20-də də onunla görüşmüşəm”. Hələ ki, vəkillərin heç biri ilə həbs olunanların ailələri arasında müqavilə bağlanmayıb. Saxlanılanlardan Niyazi Kərimov Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun kiçik qardaşıdır. Onların iki xalası oğlu – Məhəmmədtağı və Əbülfəz Zəkiyevlər də həbs olunub. Natiq Kərimov “Media forum”a açıqlamasında deyib ki, qardaşına dövlətin təyin etdiyi vəkillə telefon əlaqəsi saxlayıb. Natiq Kərimov qardaşına qarşı irəli sürülən ittihamla razılaşmadıqlarını vurğulayıb: “Bu, nardaranlılara, eləcə də bizim ailəyə atılan şər-böhtandır”.
Arayış: Maddə 274. Dövlətə xəyanətDövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə -əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Səhər" kanalının müxbirini Anar Qasımlı müdafiə edəcək
Son günlər Bakıda tutulan daha iki nəfər haqqında əlavə məlumatlar əldə edib.İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin müxbiri Anar Bayramlının hüquqlarını vəkil Anar Qasımlı müdafiə edəcək. Anar Qasımlının sözlərinə görə, Anar Bayramlının qohumları ilə müqavilə imzalayıb: “Anar Bayramlını həbs edən Binəqədi Rayon Polis İdarəsində oldum. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur”.Vəkil Anar Bayramlının Bakı İstintaq Təcridxanasında saxlandığını deyib: “Fevralın 21-də onunla görüşəcəm”.
Ruhani Hacı İlham Əliyevin də ittihamı bəlli oldu
Binə kəndinin ruhanisi Hacı İlham Əliyev Şüvəlan təcridxanasında saxlanır və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur.
MTN-də saxlanılan daha bir Nardaranlıdan xəbər gəldi
Son günlər tutulan daha bir nəfərin nədə ittiham olunduğu bilinib. Nardaran qəsəbə sakini Əbülfəz Zəkiyev Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur. Məlumatı dövlətin ayırdığı vəkil Rafət Qurbanov verib. Vəkilin sözlərinə görə, Əbülfəz Zəkiyev Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Əbülfəz Zəkiyev Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun xalası oğludur. Onun böyük qardaşı Məhəmmədtağı Zəkiyev də həbs olunub. Lakin onun harada saxlandığı bilinmir.
mediaforum