Tarix : 2012 Feb 21
Kod 28781

AİP dindarların kütləvi həbslərini pisləyən bəyənat yayıb

Bəyanatda bildirilir ki, son günlər Azərbaycan ictimaiyyətini ciddi narahat edən hadisələr baş verir
/Aran agentliyi

Bəyanatda bildirilir ki, son günlər Azərbaycan ictimaiyyətini ciddi narahat edən hadisələr baş verir. Ölkə paytaxtında, həmçinin ayrı-ayrı rayon və şəhərlərdə insanlar, Azərbaycan vətandaşları müxtəlif əsassız ittihamlarla şərlənərək saxlanılır, həbsə alınır. Tanınmış, hörmətli şəxsiyyətlər daha çox narkotika ilə əlaqələndirərək təhdid olunurlar. Günahsız insanların ləkələnməsini biz cəmiyyətə qarşı ədalətsiz münasibətin və cəmiyyətdə inamsızlıq yaratmaq cəhdinin nəticəsi kimi qiymətləndiririk. Saxlanılan və həbsə alınanların ruhani təbəqəsinin təmsilçiləri, dindarların olması bu addımların daha çox təxribat şəklində həyata keçirilməsi şübhəsini yaradır. Sözsüz ki, haqsız təqiblər, qanunsuz həbslər cəmiyyətdə onsuz da gərgin sayılan siyasi durumu daha da gərginləşdirir, narazı qüvvələrin sırasının sürətlə artmasına gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşlarının günahsız insanların azadlıq hüquqlarını əllərindən almaları bölgədə baş verən hadisə və münasibətlər fonunda baş verməsi heç kimə qaranlıq deyil. Təəssüf ki, bununla hakimiyyət və dövlət təmsilçiləri özlərini guya cinayətkarlığa qarşı mübarizə aparmaları kimi göstərsələr də, əslində təxribatçı fəaliyyətləri ilə dövlət rəhbərliyi qarşısında suni sədaqət fonu yaradırlar. Nəticədə onlar vətəndaşlarda qanunlara inamsızlıq ruhiyyəsi yaratmaqla cəmiyyət-hakimiyyət qarşıdurmasına meydan açırlar. Ölkədə ruhani təbəqəsinə belə münasibət yalnız cəmiyyətin parçalanmasına, ziddiyyətlərin artmasına xidmət edə bilər. Bəyan edirik ki, qanunsuzluğa, ədalətsizliyə yol verənlər birbaşa düşmənlərimizi sevindirmə, xalqımızın qazandığı tarixi nailiyyətləri, xüsusən müstəqilliyimizi istəməyən sionist, erməni işğalçılarına xidmət etmək, onlarla bir sırada durmaqdır. AİP bir daha bəyan edir ki, bu gün cəmiyyətdə nəinki vətəndaşları incik salmaq, parçalamaq, əksinə, insanların etimadını qazanıb doğrultmaq, ərazi bütövlüyümüzün bərpasından ötrü vəhdət yaratmaq vacibdir. Hazırki şərait hakimiyyətdən siyasi, vicdan məhbuslarının sayını artırmağı, ruhanilərə qarşı represiya aparmağı deyil, haqsız həbs olunanları azadlığa buraxmağı tələb edir. Bu tələbə qoşulur, hamını bir ideya-azad, demokratik, hüquqi dövlət qurmaq ideyası ətrafında birləşməyə çağırırıq

  • Yazılıb
  • da (də) 2012 Feb 21