Tarix : 2012 Feb 25
Kod 28842

PREZİDENT ADMİNİSTRASİYASI ÖNÜNDƏ POLİSLƏ QARŞIDURMA

Tikinti mafiyasının qurbanlarını dinləyən yoxdur; aldadılan vətəndaşlar aclığa başlayacaqlar
/Aran agentliyi

Dünən üç dələduz tikinti şirkətinin aldatdığı yüzlərlə vətəndaş etiraz aksiyası keçirdilər. Aldadılan payçılar Prezident Administrasiyası (PA) önündə növbəti dəfə “Pulumuzu verin!”, “Prezident bizi qəbul etsin!” şüarları səsləndirdilər. Evsiz və pulsuz qalan tikinti mafiyasının qurbanları əllərində plakatlarla PA önünə izdihamlı yürüş etdilər.

Buna qədər aksiya keçirənlər yalnız “GEN” MMC və “Kamran” MMC-dən zərərçəkənlər idisə, bu dəfə onlara növbəti fırıldaqçı şirkət olan “Fuad Ltd” MMC-nin kələk gəldiyi istehlakçılar da qoşulmuşdu.
Xeyli sayda aksiyaçı PA önünə toplaşanların yeganə tələbi prezidentlə görüşmək idi. Onlar bütün dövlət orqanlarından ümidlərinin kəsildiyini və çıxış yolunu aksiyalarda gördüklərini bəyan etdilər. Aldadılanlar öz haqları uğrunda sona qədər mübarizə aparacaqlarını söylədilər.
Ehtirasların qızışmasından ehtiyat edən polis qüvvələri aksiyaya sərt şəkildə müdaxilə etdilər. Etirazçıların əllərindəki plakatları alıb cırdılar, kişi aksiyaçılara təzyiq göstərdilər. Ancaq aksiya iştirakçıları polisin müqavimətinə baxmayaraq, geri çəkilmədilər.
Təxminən aksiya 1 saat davam etdi və bu müddət ərzində şikayətçilərdən bir nəfər də yerindən tərpənmədi. Əraziyə cəlb olunmuş xeyli sayda polis qüvvələri isə etirazçılara Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) getməyi tövsiyə etdilər. Hacıbala Abutalıbovun yalan vədlər verdiyini deyən aksiyaçılar PA önündən getməyəcəklərini bildirdilər. Onların israrlı və təkidlə davranışını görən polis üç nəfəri PA-nın Qəbul Şöbəsinə buraxdı.
Az sonra PA-dan geriyə qayıdan “Fuad Ltd”dən şikayətçi Eldəniz Abdulrəhmanov dedi ki, onu kimsə qəbul etməyib: “Qəbul Şöbəsinin işçisi dedi ki, bizim problemimizi burda kimsə həll etməyəcək. Hara istəyirsiniz gedib şikayət edin. Qasım Məmmədov pullarımızı yeyib, deyir ki, pul yoxdur. Bəs bizim pullara hara gedib? Biz tələb edirik ki, bu məsələyə baxılsın, əks halda aksiyalar davam edəcək”.
“GEN” MMC-nin aldatdığı Fəridə Ələkbərova da dedi ki, problem həll olunana qədər aksiyalar davam etdiriləcək: “2006-cı ildən bu günə kimi nə pul, nə mənzil verirlər. Bəs pullar hara gedib? Hacıbala Abutalıbov yalan danışır. Onun qəbuluna bir daha getməyəcəyik. Biz zəhmətlə qazandığımız pulun geri verilməsini istəyirik. Dövlətdən başqa pul istəmirik. Şirkət rəhbərini cəzalandırmaqla iş bitmir, bizim pullarımız qaytarılsın. İlham Əliyevə, Ramiz Mehdiyevə, Zakir Qaralova müraciət etmişik. Bizim əlimizdə məhkəmə qərarı var, bütün hüquq-mühafizə orqanlarından keçmişik. Bəs biz hara gedək? Qərar vermişik ki, artıq aclıq aksiyasına başlayacağıq”.
“Kamran” MMC-nin qurbanları da aksiyaya qatılmışdı. Onlardan bəzilərinə ev veriləcəyi vəd olunsa da, indiyə qədər 102 payçının aqibəti qeyri-müəyyən olaraq qalıb. Vətəndaşlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin də verdiyi boş sözlərdən bezdiklərini söylədilər. Onu da deyək ki, budəfəki aksiyada “Fuad Ltd”-nin aldatdığı insanlar daha çox gözə dəyirdi. Onlar bildirdilər ki, öz hesablamalarına görə 400 payçı fırıldağın qurbanı olub.
Aksiyaçı Adil Qəhrəmanov dedi ki, 2005-ci ildə 18 min manat pul ödəyib: “2005-ci ildə başlanan tikinti iki il sonra - 2007-ci ildə dayanıb. Əksəriyyət ödənişi tam edib. Qasım Məmmədovun oğlu Fuad Məmmədov Milli Təhlükəsizlik Nazirliyində işləyir və atası oğluna arxalanır. Biz alnımızın təri ilə pul qazanıb ev almaq istəmişik. Bunlar kasıbın pulunu yeyirlər. Belə nankorluq olmaz”.
Aksiyada polis təzyiqi ilə üzləşən “Fuad Ltd”-in qurbanı Nizami Əliyev bildirdi ki, mənzil almaq üçün ödədiyi 100 min manat şirkət tərəfindən mənimsənilib: “Şirkətdən mənzil alandan sonra şəhərdə-”Beşmərtəbə" nin yanında evim olduğunu bildilər. “Fuad LTD” MMC-nin rəhbəri Qasım Məmmədovun bacısı oğlu Ramin mənə təklif etdi ki, həmin mənzili onlara satıb əvəzində şirkətdən daha yaxşı, geniş, rahat üçotaqlı mənzil alım. Onlara inanıb elə Raminlə də evə baxmağa getdik. Lakin sonra mənzilimi şirkətə vermədən özüm satdım. Həmin pulu şirkətə verib daha 3 mənzil aldım və beləliklə, inşa ediləcək binada mənə məxsus 4 mənzil oldu. Bunun müqabilində mənə güzəşt edəcəklərini, 3 ay ərzində mənzillə təmin edəcəklərini söz verdilər. Amma indi 1   mənzilim  də yoxdur".
Şikayətçi Abşeron Rayon Məhkəməsinə ərizə verdiyini söylədi: “Məhkəmə xeyrimizə qətnamə çıxardı. Amma qərar icra olunmur. Sözügedən şirkət hələ 2005-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində bina tikməyə başlayıb. 2007-ci ildə tikinti dayanıb və indiyə qədər iş getmir. 9 bloklu, 14 mərtəbəli binanın yalnız 3 bloku hazırdır. Aldananlar bütün aidiyyəti qurumlara müraciət etsələr də, heç nə dəyişməyib.

  • Yazılıb
  • da (də) 2012 Feb 25