Tarix : 2012 Feb 25
Kod 28843

NARDARANDAN ŞEYXƏ AĞIR SUÇLAMALAR

“Allahşükür Paşazadə məscidlərdə təmir işləri gördürüb pul silməklə məşğuldur”
/Aran agentliyi

“Nardaranda həbs olunanlardan qardaşım Niyazi Kərimova vəkil tutulub. Digərlərinə isə hökumət vəkil təyin edib”. Bu sözləri bizimlə söhbətində Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov deyib. Məşədi Natiq bildirib ki, hazırda qəsəbədən 15 nəfərə yaxın adam həbs olunub: “Amma nədənsə, həbs olunanların yaxınlarının səsi çıxmır.

Görünür, onlara belə məsləhət biliblər. Qardaşımın hüquqlarını vəkil Şəfa xanım müdafiə edəcək. Bundan öncə o, həbsdə olan İslam Partiyasının fəalı  Firdovsi Məmmədrzayevin vəkili olub”.
Son bir həftədə həbs olunanların Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirildiyini söyləyən Məşədi Natiq irəli sürülən ittihamla razılaşmadığını da diqqətə çatdırdı: "Bu çox ağır ittihamdır. Tutulanların əksəriyyəti Qarabağda döyüşənlərdi. İndi onları terrorçuluqda və vətənə xəyanətdə ittiham edirlər. Mən bununla razılaşmıram. Hazırda istintaqın neçə getdiyindən məlumatsızıq. Vəkillər vəziyyətlə bağlı açıqlama verməyiblər. Məndə olan məlumata görə, Nardaranda baş verənləri araşdırmaq hüquq müdafiəçilərinin də marağındadır. Fevralın 27-də bir qrup jurnalist və hüquq müdafiəçisinin kəndə gələcəyi gözlənilir. Fikrimiz var ki, onları tutulanların evinə aparaq. Qoy hər şeyi gözləri ilə görsünlər. Onu da əlavə edim ki, fevral ayında Nardaranda həbs olunanlarla, ötən ilin dekabrında tutulan Hacı Elçin, Hacı Dilavər və Məşədi İmranın heç bir əlaqəsi yoxdur. Bunlar tamam başqa-başqa hadisələrdir. Son günlər həbs olunanların bəzilərinin  evindən paslı ov tüfəngi çıxıb. Baş verənlərə Ağsaqqallar Şurası da biganə qalmayacaq. Bundan əlavə terrorçuluqla əlaqədar Binə, Bülbülə və Maştağa qəsəbəsindən də tutulanlar var. Onların bir çoxu hələ də MTN-in təcridxanasındadır".
Müsahibimiz eyni zamanda baş verənlərə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) münasibət bildirməməsində də gileyləndi: "Son aylar  tutulan dindarların üzərindən narkotik maddə çıxıb. Guya onlar narkotik maddə çəkməklə məşğul imişlər. Bu biabırçılıqdır. Amma Şeyximiz indiyədək  bir dəfə də olsun  baş verənlərə münasibət bildirməyib. Açığını deyim, bu idarədə islamla məşğul olmurlar. Şeyx ancaq məscidlərdə təmir işləri gördürüb pul silməklə məşğuldur. Mən bu idarədən heç nə gözləmirəm".
Sonda Məşədi Natiq baş verənlərlə bağlı Nardaranda  etiraz aksiyasının gözlənilmədiyini də diqqətə çatdırdı: “Amma buna baxmayaraq tutulanlarla bağlı narazılıq var. Əhali bundan sonra da davam edəcəyindən narahatdır”. “İslamazeri.az” saytı xəbər verir ki, fevralın 23-ü axşam saatlarında Suraxanı Rayon Məhkəməsi ilahiyyatçı, Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundu Səxavət Əliyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmə qərarına görə, Səxavət Əliyev istintaq müddətini Şüvəlandakı istintaq təcridxanasında keçirməlidir.
Səxavət Əliyevi fevralın 21-də həbs ediblər. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq) ilə ittiham olunur.

 

  • Yazılıb
  • da (də) 2012 Feb 25