Almaniyanın Ermənistanı, Azərbaycan hakimiyyətinin isə Almaniyanı tənqid etməsinin pərdəarxası məqamları...
/Aran agentliyi
Almaniyanın Ermənistanı, Azərbaycan hakimiyyətinin isə Almaniyanı tənqid etməsinin pərdəarxası məqamları...
“Yeni Azərbaycan” qəzetində Almaniyaya qarşı təhqirlərə bu ölkənin Bundestaqı tutarlı cavab verdi. Parlamentin daimi komitəsi Xocalı qətliamıyla bağlı sənəd qəbul edib. Sənəddə göstərilib ki, erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi bu qanlı hadisə 600-dən çox insanın həyatını itirməsilə nəticələnən qırğın faktı olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırım baş verdiyini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır: “Davamlı barışığa nail olunması yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər”.
Bakı Ermənistanı müdafiə edir?
Bu qətnamənin Azərbaycan hakimiyyətinə cavab olduğu birmənalıdır. Almaniya hökuməti açıq şəkildə Əliyevlərin vətənpərvərlik maskasını cırmaq fikrindədir. Azərbaycan hakimiyyətinin davamlı olaraq, Qərb ölkələrinin demokratiya tələblərini ermənipərəstliklə əlaqələndirmələri bu dəfə qayaya dirənib. Çünki Almaniya ən ali rəsmi orqanı vasitəsilə Ermənistanın işğalçı olduğunu təsdiq edir və hətta ilk Avropa ölkəsidir ki, Xocalıda baş verənləri qırğın adlandırıb. Azərbaycan hakimiyyəti isə bu məsələyə diqqət ayırmadan Almaniyanı ən ağır ittihamlara məruz qoyur. Məqsəd isə bu ölkənin demokratiya və daxili islahatlar istiqamətindəki təzyiqlərini “zərərsizləşdirməkdir”.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti heç bir çaba göstərmədiyi halda, Almaniya Qarabağ məsələsində bizim dövlət maraqlarımıza dəstək olan böyük bir addım atır. Amma elə bu dəstəyin ifadə edildiyi gün Azərbaycan parlamentində Almaniya əleyhinə xüsusi yığıncaq təşkil edilib. Bu yığıncaq rəsmən Xocalı faciəsinə həsr edilsə də, faktiki olaraq, Almaniya hökuməti tənqid hədəfi olub. Eyni gündə Almaniya Bundestaqının Ermənistanı işğalçılıqda və Azərbaycan vətəndaşlarına qarşı qırğın törətməkdə ittiham etməsi belə bir fikir yaradır ki, Azərbaycan hakimiyyəti Qərbin Ermənistana təzyiqlərindən narahatdır. Əksinə, daha məntiqli olardı ki, Azərbaycan parlamenti bu gün almaniyalı həmkarlarına təşəkkür məktubu ünvanlayaydı.
Indi Azərbaycan hakimiyyətinin apardığı siyasətə baxaq. Bütün bu olanların fövqündə Almaniyaya qarşı aqressiv siyasət əslində, SSRI-dən qalma bir texnologiyadır. Məqsəd də münasibətlərin gərginlik həddini elə qaldırmaqdır ki, kimsə Azərbaycan hakimiyyətinə hər hansı normal təklif ünvanlamaq haqqında fikirləşməsin. Bu kampaniyanı da Almaniya Xarici Işlər nazirinin Azərbaycana səfəri öncəsi ona görə aparırlar ki, Almaniyanın XIN şefi rəsmi Bakı ilə mühüm məsələləri müzakirə etmək üçün münbit mühit hiss eləməsin.
Bütün hallarda, Ilham Əliyev və komandası bir daha göstərdi ki, onlar üçün hakimiyyətdən və kürsüdən daha qiymətli heç nə yoxdur. Qarabağ isə, sadəcə, bu kürsünü saxlamaq üçün vasitədir