/Aran agentliyi
Dövlət Bayrağı Meydanı həndəvərində yaşayan hərbçi ailələri ilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndələri arasında insident yaşanıb. Fevralın 27-də meriya və Səbayel Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri əraziyə gələrək vətəndaşları evlərindən çıxmağa məcbur ediblər. Bu zaman iki tərəf arasında mübahisə yaranıb. Sakinlər icra nümayəndələrinə Səbayel Rayon Məhkəməsinin çıxardığı qətnaməni sübut kimi göstəriblər. Simsar.az-ın məlumatına görə, musavat.com yazır ki, qərarda söküntünün dayandırılması göstərilib. Amma icra nümayəndələri məhkəmə qərarına əhəmiyyət vermədiklərini, sakinlərdən evlərini tərk etməyi tələb ediblər. Əraziyə traktor və buldozerlər cəlb olunub və söküntü işlərinə cəhd olunub. Mülkiyyət sahibləri sinəsini texnikanın qabağına verərək söküntüyə imkan verməyəcəklərini deyiblər. Vətəndaşlar ədalətli kompensasiya veriləcəyi halda evlərindən çıxacaqlarına söz veriblər. Özünü traktorun önünə atan mənzil sahibi, ikinci dərəcəli kapitan Emil Əzizov polis tərəfindən saxlanılıb. Onu Səbayel polisinə aparıblar. İcra nümayəndələri isə onlara cəmi 10 min manat həcmində təzminat təklif ediblər. Hərbçi ailələri bu məbləğlə razılaşmayıblar. Onlar 10 min manata heç yerdə ev almaq mümkün olmadığını əsas göstəriblər. Sakinlərə sabah günortaya qədər möhlət verilib və əgər çıxmasalar, zorla evlərini dağıadacaqlar.
Bildirək ki, bu təzminat dövlət və onun rəsmi strukturlar tərəfindən yox, zərərçəkən ailələrin başçılarının çalışdığı hərbi hissə tərəfindən ödənilir. Hazırda binada 3 ailə qalıb. Digər sakinlərə 10 min manat ödənilib və məcburi mənzillərindən çıxarılıb. Yerdə qalan üç ailə isə hələ d mübarizə aparır. Sakinlər deyirlər ki, hərbi hissə kompensasiya ödəyə bilməz və bu humanitar yardım xarakteri daşıyır. Narazı sakinlər kvadratı 1500 manatdan kompensasiya tələb edirlər.
Xatırladaq ki, Bayraq Meydanı ətrafında baş verən maxinasiyaları ictimailəşdirən, hərbçilərin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov dekabrın 30-da həbs edilib. O, açıqlama vermişdi ki, Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanov Meydan ərazisinin genişləndirilməsindən sui-istifadə edərək 28 hərbçi ailəsinin evlərini qanunsuz olaraq əllərindən alır, qarşılığında isə onlara naməlum mənbədən 10 min manat kompensasiya ödəyir.