Milli Təhlükəsizlik Nazirliyini hakimiyyətin siyasətinə alət olmaqda ittiham edən vəkil Elçin Namazov, bunu təsdiqləyən faktları açıqlayıb
/Aran agentliyi
Milli Təhlükəsizlik Nazirliyini hakimiyyətin siyasətinə alət olmaqda ittiham edən vəkil Elçin Namazov, bunu təsdiqləyən faktları açıqlayıb
Vəkil açıqlamasında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq qanunvericiliklə onlara verilmiş səlahiyyətləri aşaraq, siyasi proseslərdə iştirak edirlər və bununla da özlərini nüfuzdan salırlar: “MTN-nin son bir il ərzində keçirdiyi əməliyyatlara baxdıqda məlum olur ki, bu qurum dövlətin təhlükəsizliyini təmin etmək əvəzinə, hakimiyyətə qarşı müxalif mövqedə dayanan insanları şərləyərək həbs etməklə məşğuldur. Bunu sübut edən kifayət qədər mötəbər sübutlar var. Dindarların xarici ölkə kəşfiyyatı ilə əlbir olaraq, Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham olunması ilə bağlı işlərə baxdıqda bunu görməmək mümkün deyil”.
E.Namazov qeyd olunanların təsdiqi kimi ötən ilin avqustunda həbs olunan Ramin Bayramov, Abgül Süleymanov və Arif Qəniyev barədə verilən bəyanatı göstərib: “Ötən ilin 12 avqustunda MTN-lə Baş Prokurorluq birgə bəyanat yayaraq, Ramin Bayramov, Abgül Süleymanov və Arif Qəniyevin Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti apardıqlarına görə həbs edildiklərini bildirmişdi. Həmin bəyanatda göstərilirdi ki, MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanmışlar. Bununla bağlı həmin vaxt hətta video kadr da hazırlanaraq, telekanallarda nümayiş etdirilmişdi. Qeyd olunan bəyanat bu gün də MTN-nin və Baş Prokurorluğun veb saytında qalır. Təəccüblüsü budur ki, adları qeyd olunan şəxslərin heç biri bəyanatda göstərilən hərəkətlərə görə ittiham olunmayıblar. Onların hər üçü silah və narkotik maddə saxlamaqda ittiham olunur və artıq məhkəmə prosesləri başlayıb. Sözügedən bəyanatın böhtan xarakterli olmasını vaxtilə biz vəkillər israrla bildirirdik. Lakin ölkədə özbaşınalıq rejiminin hökm sürməsi səbəbindən bizim etirazlarımıza əhəmiyyət verilmədi. Buna baxmayaraq, MTN sonda öz-özünü ifşa edərək, hər üç şəxsi tamamilə başqa ittihamlarla məhkəməyə verdi”.
Vəkil həmçinin qeyd edib ki, MTN-nin siyasətdə iştirakı bununla bitmir: “Bu gün MTN qanunvericiliyin tələblərinə zidd olaraq, dələduzluq cinayətlərinin istintaqını aparır. Lakin bu adi insanların bir birini aldatması ilə bağlı olan işlər deyil, Heydər Əliyev Fondunun adı keçən dələduzluq cinayətləridir. MTN bu cür qanunsuz işlərlə məşğul olmaqla, faktiki olaraq qanunvericiliklə qadağan olunmuş özbaşınalığa yol verir”.