/Aran agentliyi
Ölkədə növbəti bahalaşma dalğası gözlənilir. Ekspertlər mart ayından başlayaraq qiymətlərin qalxmasını proqnozlaşdırırlar. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov “Reytinq”ə müsahibəsində bildirib ki, qiymət artımı ötən il olduğu kimi, bu il də davam edəcək. O, bayram ərəfəsində qiymətlərin qalxacağını söyləyib.
“Bütün hallarda bayramqabağı bahalaşma olacaq. Subyektiv səbəblər var. Bəzi adamlar yaranmış fürsətdən istifadə edərək bazarlarda qiymətləri qaldırırlar. Meyvə-tərəvəz və digər məhsullar bahalaşacaq. Bu il meyvə istehsalı ilə əlaqədar ciddi problemlər yarandı. Əsasən meyvə-tərəvəzin qiymətində artım gözlənilir. Bahalaşma 10-15 faiz arasında olacaq”. İqtisadçı ekspertə görə, ölkədə inflyasiyanın da həcmi artacaq və hökumətin səylərinə baxmayaraq, 2012-ci ildə inflyasiyanı birrəqəmli qoruyub saxlamaq mümkün olmayacaq.
“Güzəran” Sosial Araşdırmalar mərkəzinin rəhbəri Qadir İbrahimli də bu təxminləri bölüşür: “Ölkəyə böyük neft gəlirləri daxil olur. Bu pullar iri layihələrə yatırılır ki, özü-özlüyündə bahalaşma riskini artırır. Azərbaycanda iqtisadiyyatın bir çox sahələri qeyri-rəsmi monopoliyadadır. Süni monopoliya var ki, istədikləri vaxt qiyməti diktə edirlər. Həmçinin dünya bazarında neftin qiyməti qalxmağa doğru gedir. Ola bilər ki, aprel-may aylarında dövlət büdcəsinə yenidən baxılsın və büdcənin gəlir və xərc hissəsi yenidən artırılsın. Bu da əlavə inflyasiya riski yaradan faktordur. Bu il ölkədə bahalaşma tendensiyası daha da güclənə bilər. İkirəqəmli inflyasiya tamamilə realdır”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da hesab edir ki, bu il ölkədə qiymətlərin artması ehtimalı kifayət qədər yüksəkdir: “Əvvəla, bayramlar ayı olduğu üçün martda qiymət artımları müşahidə olunacaq. Martda olan qiymət artımları çox hallarda sünidir. Martdan başlayaraq süni qiymət artımları güclənəcək. Artımları şərtləndirən səbəblər də var. Neftin qiymətinin artması, dövlət büdcəsinin bir sıra infrastruktur layihələrinə vəsait ayırması pul dövriyyəsinin şişməsinə səbəb olacaq”.
İqtisadi Təşəbbüslərə yardım İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə isə 2010-cu ildən başlayaraq həm iqtisadi aktivliyin müəyyən qədər artması, həm də təbii fəlakətlər nəticəsində meyvə-tərəvəzlərin qiyməti artıb. Nəticə ona gətirdi ki, inflyasiya 2010-cu ildə 5,7 faizə qədər artdı. 2011-ci ildə isə rəsmi olaraq inflyasiya 7,9 faiz elan edildi.
Baxmayaraq ki, istər beynəlxalq təşkilatlar və müstəqil ekspertlər inflyasiyanın ikirəqəmli olması fikrini yürüdürdülər. Fikrimcə, 2011-ci ildə bahalaşma rəsmi göstəricidən daha yüksək olub. 2012-ci ildə də bu proses davam edəcək".
S.Əliyevin sözlərinə görə, ölkədə olan monopoliya, sahibkarlıq mühitinin arzu olunan səviyyədə olmaması, rəqabətin yoxluğu, həmçinin xaricdən gətirilən malları gömrük rüsumlarından keçirəndə problemlərin olması ənənəvi səbəblərdir: “Bu il ”Eurovision" müsabiqəsi ilə bağlı hökumət xərcləmələrinin artımıdır. Bu artım inflyasiyaya təsir göstərən amillərdən biridir. Ölkəyə turistlərin gəlişi də bahalaşmanı şərtləndirən amillərdəndir. Bu il qiymət artımını müşahidə edəcəyik. Yaz aylarından başlayaraq qiymət artımı daha da güclənəcək".