/Aran agentliyi
Qeyri-rəsmi qadağalar rayon sakinlərini ayağa qaldırıb
Astaranın Ərçivan kəndində etiraz aksiyası keçirilməsi barədə xəbər vermişdik. Belə ki, fevralın 25-də kəndin 300-dən çox sakini Astaradan Irana gedən yolu bağlayıb. Etiraz aksiyasına səbəb sakinlərin Irandan ərzaq malları gətirməsinə yaradılan problemin son günlər daha da kəskinləşməsidir. Gömrük işçiləri son vaxtlar Irandan ərzaq malları gətirməsinə imkan vermirlər. Kənd əhalisi isə orada nisbətən ucuz olduğu üçün bir sıra ərzaq məhsullarını Irandan alıb gətirirlər. Gömrükdə sakinlərin malları əllərindən alınıb məhv edilir. Sakinlər də buna etiraz edir.
Camaatın problemləri ilə icra hakimiyyətinin hər hansı bir məsul işçisi maraqlanmayıb. Ötən gün məlum oldu ki, gömrükdə problemlər davam edir. Qəzetimizə açıqlama verən rayon sakinlərindən biri deyir ki, ötən günlərə nisbətən bir az yumşalma var: “Inhisarçılıq yaratmaq istəyirlər. Əvvəllər gün ərzində Irana 800-1000 nəfər keçirdisə, hazırda bu rəqəm 100-150 nəfərə qədər enib. Toyuğun gətirilməsinə qadağa qoyulub. Bütün məhsullar alınaraq yandırılır. Hər adama yalnız bir toyuq keçirməyə icazə verirlər”.
Sakinlər deyirlər ki, onlardan alınan məhsullar yetimlər evinə, yaxud bağçalara verilsəydi normal qarşılayardılar: “Olmazmı bizdən aldıqları məhsulları kimsəsizlərə versinlər? Təbii ki, bu, onlara sərf etmir. Çünki bağçaya, yaxud kimsəsizlərə versələr büdcədən pul oğurlaya bilməyəcəklər”.
Astarada yayılan məlumatlara görə, bu hadisənin yaranmasında səbəb icra başçısı Taleh Qaraşovla gömrüyün rəisi Hikmət Məmmədov arasındakı konfliktdir: “Bütün bunlar sadə vətəndaşların başında çatlayır. Biz anlaya bilmirik, bizim hökumət bu cür qayda-qanun tətbiq etməklə Iranı blokadada saxlamaq istəyir, yoxsa bizi yaşamaq uğrunda mübarizədə sınağa çəkir?”.
Azadlıq