İlham Əliyev, Mehriban Əliyeva və Kəmaləddin Heydərovun hərəyə bir «Qolfstrimi» var
/Aran agentliyi
İlham Əliyev, Mehriban Əliyeva və Kəmaləddin Heydərovun hərəyə bir «Qolfstrimi» var Dünyanın inkişaf etmiş ölkələrində varlı adamlar, milyonçular şəxsi təyyarələrə malikdirlər. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla ölçülən şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
Modern.az saytının məlumatına görə, Azərbaycanda da mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi istiqamətində addım atılıb. Bununla bağlı qanun layihəsi hazırlanır. Həmin qanun qüvvəyə minəndən sonra Azərbaycanda imkanlı adamlar şəxsi təyyarə və helikopterlər ala biləcəklər.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) Modern.az saytına bildiriblər ki, hazırda Azərbaycanda hava nəqliyyatından istifadəyə dair yalnız “Aviasiya haqqında” qanun qüvvədədir ki, o sənəddə də fiziki şəxslərə təyyarə almaqla bağlı müddəalar nəzərdə tutulmayıb.
Lakin Dövlət Mülki Aviasiya Administrasiyasının apardığı araşdırma məlum edib ki, Azərbaycanda şəxsi təyyarələrə tələbat varmış.
Administrasiyadan bildirilib ki, qurum hazırda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” üzərində işləyir. Qurumdan deyilib ki, sənədin təkmil variantı hazır olandan sonra onu Nazirlər Kabinətinə təqdim edəcəklər. Həmin sənəd təsdiqlənəndən sonra Azərbaycanda şəxsi təyyarələr almaq istəyənlərə icazə veriləcək.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası helikopter və təyyarə alınmasına icazə verilməzdən əvvəl hava limanlarının imkanlarını da araşdırır. Şəxsi təyyarələri hansı limanlar qəbul etmək, yanacaq vermək imkanlarına malikdir, onlar hansı hündürlüklərdə uçacaqlar və s. Bu qaydalarla yüngül təyyarələr üçün şərtlər müəyyənləşdiriləcək.
ADMAA-dan bildiriblər ki, şəxsi təyyarələrin enməsi üçün Azərbaycanda hava limanları öz imkanlarına baxmalıdır, hələ ki, belə limanlar mövcud deyil.
Azərbaycanda bir neçə şəxsi təyyarənin olduğu barədə məlumatlara gəlincə, deyilib ki, ölkədə kiminsə adına şəxsi təyyarə qeydiyyata alınmayıb. Amma şəxsi təyyarə tipində kiçik tutumlu 4 hava gəmisi mövcuddur. “Ölkədə bu tip təyyarələr hələ ki, yoxdur. Şəxsi təyyarə sayılmasa da, ”Qolfstrim” tipli kiçik tutumlu 4 ədəd təyyarə qeydə alınıb. Onlardan 1-i “Azərbaycan Hava Yolları”na, 3-ü isə “Silkway Holdinq” şirkətinə məxsusdur”.
“Azadlıq”ın əldə etdiyi məlumatlara görə isə Azərbaycanda Ilham Əliyevin, onun xanımı Mehriban Əliyevanın və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Qolfstrim” markalı təyyarəsi var. Bu təyyarələrin qiyməti 50 milyondan başlayır. Sifarişçinin zövqündən asılı olaraq qiymətlər dəyişə bilər. Məlumatlara görə, Ilham Əliyevə məxsus “Qolfstrim”in qiyməti 70-90 milyon dollar civarındadır. Kəmaləddin Heydərovun “Qolfstirim”i isə bundan bir qədər ucuzdur. Yeri gəlmişkən, məlumatlarda deyilir ki, Kəmaləddin Heydərov “Qolfstrim”ini Azərbaycanda saxlamır. “Fövqəlnazir”in təyyarəsi Dubaydadır.
Onu da qeyd edək ki, “Silkway Holdinq” şirkəti hakim ailəyə məxsusdur. Ilham Əliyevin qızı Arzu Əliyeva bu şirkətin təsisçisidir. Mümkündür ki, bu şirkətə məxsus 3 təyyarə də hakim ailənin şəxsi istifadəsindədir.