/Aran agentliyi
Polis icra başçısının villasını yandıranı axtarır.
Qubalılar keçmiş icra başçısı Rauf Həbibovun Qələduzdakı villasının hasarı sökmək üçün daxili qoşunlara saat 11-ə qədər vaxt vermişdilər. Hasar sökülməsə, villanı yandıracaqları ilə hədələmişdilər.
2 mart günü saat 10:30-da həmin yerə gəldik. Ərazidə polis maşını dayanıb və gələn hər maşını saxlayır. Bizi gətirən taksi sürücüsü xəbər verir ki, gecə saatlarında da polislər iş başında olublar. O, evinə getmək üçün sənədlərini göstərməli olub. Polis biz gəldiyimiz maşını da saxladıb, hara getdiyimizi soruşur. Sürücü yaxınlıqdakı kəndlərdən birinin adını çəkir, polis icazə verir. Keçmiş icra başçısı Rauf Həbibovun dünənə qədər yaşadığı villaya yaxınlaşırıq. Villanın şüşələri sındırılıb, hasarları isə yavaş-yavaş sökülür. Villanı çəkdiyimizi görən polis bizə yaxınlaşaraq çəkilişə icazə verilmədiyini deyir. Onun dediyinə görə bu ərazidə çəkiliş aparmamağı millət vəkili Vahid Əhmədov tapşırıb.
Polis icra başçısının villasını yandıranı axtarır
Qubanın mərkəzində həbslərin başlanıldığı xəbərini alırıq. Polis idarəsinin qarşısına gələndə burada şikayətçi ilə polisin mübahisəsinə şahidlik edirik. Vətəndaş oğlunun polis idarəsində olduğunu, polis isə onlara səhv məlumat verildiyini təkid edir. Valideyn şikayətini bizə danışır. “Zahidov İntiqam əmim nəvəsidir. Dünən tutmuşdular, hələ də azad etməyiblər. (qardaşı söhbətə qoşulur) Dünən günorta ikidə qardaşımı gördüm, ondan sonra ona zəng çatmadı. Dünən uşaq bura gətirilib, ondan sonra məlumat yoxdur. Dünən axşamdan buradayıq, bizə bir kəlmə demirlər. Deputat Vahid Əhmədov deyir, uşaq buradadır, polislər deyir, yoxdur. İndi bizim deputatımız yalan deyir? Ziya müəllimlə (Nəqliyyat naziri Ziya Məmmədov) görüşmüşük. Deyib, “polisə gedin, ərizə yazın. Oğlan Quba rayonunun daxili işlər şöbəsindədir. Müəyyən işlər araşdırılıb, buraxılacaq”. Biz də uşağın itməsi haqqında ərizə gətirmişik. Polislər deyir, burada yoxdur, qəbul eləmirlər”. Bir müddət sonra polislər qəbul edirlər ki, İntiqam Zahidov idarədədir, amma tezliklə buraxılacaq.
Polis idarəsindən Azər adlı şəxs çıxır. O da mitinqdə iştirakına görə saxlanılıb. Bizə yaxınlaşaraq məlumat verir ki, səhər 10-dan idarəyə çağırılıb. Üç saat sorğu-sual edilib. İçəridə ondan keçmiş icra başçısının evini yandırıb, yandırmadığı və mitinqin təşkilatçıları haqqında nə bildiyi soruşulub. “Sual verdilər ki, evi sən yandırmısan? Dedim, yox. Təşkilatçıların kim olduğunu bilirsən? Dedim, yox. Üç saat bu sualları təkrar-təkrar verdilər”. O, polis idarəsində başqa mitinqçilərə rast gəlmədiyini deyir.
Bizim Yol Qəzeti