İlham Əliyev başda olmaqla hakimiyyətin yuxarı pilləsində olan bütün məmurlar Rauf Həbibovun əməllərindən xəbərdar olublar
/Aran agentliyi
İlham Əliyev başda olmaqla hakimiyyətin yuxarı pilləsində olan bütün məmurlar Rauf Həbibovun əməllərindən xəbərdar olublar
Quba hadisələri gündəmin əsas mövzusu olaraq qalır. Oxucuların diqqətinə çatdıraq ki, martın 1-də qubalılar etiraz aksiyası keçirərək, icra başçısı Rauf Həbibovun işdən çıxarılmasına nail olublar. Qubalıların ayağa qalxmasının səbəbi Rauf Həbibovun onları təhqir etməsi olub.
Hakimiyyət bu hadisələrdən öz təbliğatı üçün istifadə etməyə çalışır. Qubalıların etirazından sonra Rauf Həbibovun postunu tərk etməsi Ilham Əliyevin aktivinə yazılır. Halbuki bu hadisələrdə Rauf Həbibovla yanaşı əsas günahkarlardan biri də elə Ilham Əliyev və hakimiyyətin yuxarı pilləsində təmsil olunan digər məmurlardır. Qubadan deputat seçilən Vahid Əhmədovun mətbuata açıqlamaları da belə deməyə əsas verir. Deputat bildirib ki, o Rauf Həbibovun məlum çıxışından yanvar ayında xəbər tutub. Və Qubada vəziyyətin gərgin olduğunu bilib. Bu barədə müvafiq orqanlara məlumat verib: “Mən təxminən yanvar ayının ortalarında bildim ki, Rauf Həbibov belə bir çıxış edib və insanlar narazıdır. Başqa məsələlər də olmuşdu. Insanlar qrup-qrup mənim yanıma şikayətə gəlmişdilər. Sonra isə ayrı-ayrı adamlar gəlib şikayət etdilər. Bundan sonra mən Qubadakı vəziyyətlə bağlı lazımi yerlərə məlumat verdim, rayonda vəziyyətin gərgin olduğunu nəzərə çatdırdım. Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar. Bunu bütün orqanlar bilirdi”.
Bundan başqa, Vahid Əhmədov deyib ki, qubalılar, ümumiyyətlə Rauf Həbibovun fəaliyyətindən narazı olublar. Və “yuxarlar” da bunu bilib.
Vahid Əhmədov baş verənlər barədə konkret hansı qurumlara məlumat vermədiyini açıqlamayıb. Lakin ehtimal etmək olar ki, deputat ilk olaraq Prezident Administrasiyasına və güc strukturlarına məlumat verib. Hətta mümkündür ki, Ilham Əliyevə də şəxsən müraciət olunsun. Lakin nə Ilham Əliyev, nə də digərləri müraciətlərə ciddi yanaşıblar. Sadəcə, heç bir tədbir görmək istəməyiblər. Güman ki, bu, Ziya Məmmədov faktoru ilə bağlı olub. Nəqliyyat nazirinin Rauf Həbibovu himayə etməsi icra başçısı barədə tədbir görülməsinə mane olub. Qubalılar ayağa qalxdıqdan sonra isə hakimiyyət təşvişə düşüb və çıxış yolu kimi Rauf Həbibovun postundan uzaqlaşdırılmasına qərar verilib. Amma bu qərar Rauf Həbibovun üzərinə qoyulub. Yəni, icra başçısı işdən çıxarılması barədə özü ərizə yazıb.
Bu hadisələrdə başqa bir məqam isə hakimiyyətdaxili qrupların olaylardan yararlanmaq cəhdləridir. Sözsüz ki, Qubadakı hadisələr xalqın etirazı idi və hansısa qüvvələr tərəfindən təşkil olunmuş olay deyildi. Lakin hakimiyyətdə Ziya Məmmədova rəqib olan qruplar da bu hadisələrdən öz maraqları üçün istifadə edə bilər. Bu sırada xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, müdafiə naziri Səfər Əbiyevin və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını çəkmək olar. Ziya Məmmədov Paşayevlər qrupuna yaxın olduğuna görə Ramiz Mehdiyevin ona münasibəti mənfidir. PA rəhbərinin nəzarətində olan qəzetlərdə Ziya Məmmədovun “vurulması” da bununla bağlıdır. Səfər Əbiyevin nəqliyyat naziri ilə konflikti isə sabiq baş hərbi komissar Əliağa Hüseynovla bağlıdır. Əliağa Hüseynov Ziya Məmmədovun qudasıdır. Səfər Əbiyevlə Əliağa Hüseynovun arasında ziddiyyətlərin olması isə yeni xəbər deyil.
Kəmaləddin Heydərova gəlincə, “fövqəlnazir” Ziya Məmmədovla biznes maraqlarına görə toqquşur. Hər iki nazir arasındakı ziddiyyətlər barədə də mətbuatda çox yazılıb. Bu baxımdan təkrarçılığa ehtiyac duymuruq.