/Aran agentliyi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bu yaxınlarda verdiyi təklif dindarlarla hakimiyyət arasında mövcud olan narazılığı daha da dərinləşdirə bilər. Komitənin təklifinə əsasən cümə günləri məscidlərdə qılınan namazlar şənbə gününə keçirilməlidir. Bunun səbəbi kimi, həftənin cümə günləri iş günü olduğundan cümə namazları işin ahənginə mane olur.
Artıq bu təklifin reallaşması üçün DQİDK əməli addımlar atmağa da başlayıb. Belə ki, bir həftə öncə «Məşhədi Dadaş» məscidinə xüsusi «nota» göndərilib. Həmin «nota» isə məsciddən kənarda namaz qılınmaması ilə bağlı xəbərdarlıqdan ibarət olub. Bu barədə açıqlama verən “Məşədi Dadaş Məscidi”nin imam camaatı Hacı Şahin Həsənli bildirib ki, onun rəhbərlik etdiyi ibadət ocağına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən zəng edilərək, bayırda namaz qılınmaması haqda xəbərdarlıq edilib: “Bizə xəbərdarlığı şifahi şəkildə etdikləri üçün buna əməl etmədik, əgər belə bir qanun varsa, yazılı şəkildə təqdim edilməsini istədik” .
Hacı Şahin Həsənli deyib ki, Bakının “Kubinka” adlanan ərazisində yerləşən məsciddə cümə namazlarında təxminən 2000-2500 nəfər iştirak edir: “Bu şiə məscididir və buraya başqa məqsədlə ibadət etməyə gələn olmur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında həqiqətən də sözügedən ibadət ocağında ibadətin yalnız məscidin içində qılınması ilə bağlı tövsiyə verildiyini deyib. Onun sözlərinə görə, bu tövsiyə yalnız “Məşədi Dadaş Məscidi”nə aiddir: “Bunun səbəbi son vaxtlar müəyyən təxribat hallarının baş verəcəyi ilə bağlı daxil olan məlumatlardır. Ümumiyyətlə, Hacı Şahin Həsənliyə gəlincə, bu şəxs nə “Məşədi Dadaş Məscidi” dini icmasının sədri, nə üzvü, nə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunan Axundudur. Həmin şəxsin məscidə rəsmən heç bir aidiyyəti yoxdur”.
G.İsmayılov onu da bildirib ki, həmin məsciddə müəyyən vaxtlarda İslama yaraşmayan fikirlərə yol verilib.
Qeyd edək ki, belə bir təklif heç bir reallığı əks etdirmir. Ən azından ibadət gününün adı üzərindədir: Cümə Namazı. Bunun şənbə gününə keçirilməsi təklifinin irəli sürülməsi ya savadsızlıqdan xəbər verir, ya da məqsədli şəkildə gərginliyin yaradılması üçün atılmış addımdır. Çünki son günlər dindarların həbsi, məcidlərin sökülməsi və hicaba qoyulan qadağa inanclı insanların qəzəblənməsinə səbəb olmaqdadır.
Hələ bir müddət əvvəl bir qrup dindarın hicab qadağasına etiraz etməsi də onu təsdiq edir ki, vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil. Və onlar baş verənlərdən kifayət qədər narazıdırlar. Bunun ardından dindanların həbs edilməsi isə durumu daha da gərginləşdirib. Bir də bunun üzərindən cümə namazı günlərinin şənbə günlərinə keçirilməsinin məcburiyyət şəkil alması isə o deməkdir ki, hakimiyyət inanclı insanlarla açıq konfliktə getməyə hazırlaşır. Çünki hadisələrin bu şəkildə davamı başqa çıxış yolu qoymur.
tia.az