Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu ilin fevral ayının 20-də Əfqanıstanda Amerika hərbçiləri tərəfindən müqəddəs kitabımız Qurani-Kərimin yandırılması faktına öz münasibətini bildirib
/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu ilin fevral ayının 20-də Əfqanıstanda Amerika hərbçiləri tərəfindən müqəddəs kitabımız Qurani-Kərimin yandırılması faktına öz münasibətini bildirib. Bu barədə məlumatı QMİ-nin mətbuat xidməti yayıb.
QMİ-nin bəyanatında son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsindən son dərəcə narahatlıq ifadə edilib. "XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə və Allah-taalanın ilahi kəlamı sayılan müqəddəs kitabımız Qurani-Kərimə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin yaranması, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.
Bəyanatda həmçinin deyilir: Amerika Birləşmiş Ştatları dünyada demokratiyanın və insan azadlıqlarının carçısı kimi tanınmış qüdrətli fövqəldövlətlərdən biridir. Lakin son dövrün tarixi, özəlliklə Yaxın Şərq regionunda baş verən olaylarda müsəlman əhaliyə qarşı irqçi və aqressiv münasibət heç bir şəkildə kimsəyə haqq qazandıra bilməz. Müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın tonqallara atılması - bütün buna bənzər hadisələrin sırası uzun müddətdir ki, bitmir və hər gün İraqdan, Əfqanıstandan, Pakistandan və başqa müsəlman ölkələrindən gələn yeni acı xəbərlərlə qarşımıza çıxır. Bütün bunlar cəmiyyətimizin humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq ruhuna yol açır".
Bəyanatda keçən il ABŞ-da üzdəniraq pastor tərəfindən Quranın yandırılacağı barədə təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri ilə neytrallaşdığı halda, belə bir məsələnin yenidən, bu dəfə müsəlman ölkəsində - Əfqanıstanda hərbçilər tərəfindən gündəmə gəlməsini olduqca qərəzli və fəsadlı olduğu qeyd edilir.