/Aran agentliyi
Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyev Salyandakı 5 saylı, ilahiyyatçı Taleh Bağırov isə Bakının Ramana qəsəbəsindəki 16 saylı cəzaçəkmə müəssisələrinə köçürülüb. Məlumatı vəkil Anar Qasımlı verib.
Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Sumqayıt Şəhər Məhkəməsinin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəmənin qərarından apellyasiya şikayəti verməyib.
“Hicaba azadlıq” aksiyasına görə (ötən il mayın 6-da Bakıda keçirilib) tutulan Taleh Bağırova 2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. İlahiyyatçı Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunub. "Media forum"