Fevralın 17-də tanınmış ilahiyyatçı Hacı İlham Əliyev günorta namazından sonra evindən aparılıb
/Aran agentliyi
1. Hacı İlham Əliyev. Fevralın 17-də tanınmış ilahiyyatçı Hacı İlham Əliyev günorta namazından sonra evindən aparılıb. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah və s. saxlama, daşıma və ya gəzdirmə) ittiham olunur.
2. Hacı Mehdi Məmmədov. Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov fevralın 18-də yaşadığı Biləcəri qəsəbəsində yerləşən 6-cı polis bölməsinə çağırılıb. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham edilir. Fevralın 20-də Binəqədi rayon məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətinə həbs edilib. Mehdi Məmmədov məhkəmədən sonra Kürdəxanı Müvəqqəti Təcridxanasına aparılıb.
3. Zöhrab Quliyev. 30 yaşlı Sumqayıt şəhər sakini Zöhrab Quliyev fevralın 18-də şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Onun üzərindən “Naqan” tipli tapança və 7 ədəd güllə aşkar edilərək götürüldüyü iddia edilir. Z.Quliyevin yaşadığı evə baxış keçirən əməliyyatçıların qumbara və müxtəlif çaplı güllələr aşkar etdiyi iddia olunur.
4. İlham Ələkbərov. AİP üzvü İlham Ələkbərov fevralın 17-dən Gəncə şəhəri Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılmışdı. Əvvəlcə ondan heç bir məlumat almaq mümkün olmayıb. İlham Ələkbərov Azərbaycan İslam Partiyası Gəncə Rayon komitəsinin sədri Yusif Ələkbərovun qardaşıdır. Fevralın 18-də isə haqqında 5 günlük inzibati həbs cəzası verildikdən sonra, məhkəmə tərəfindən İlham Əkbərov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib.
5. Əliyev Asəf. Gəncə şəhərində yaşayan ruhani Əliyev Asəf fevralın 17-də avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ruhani xuliqanlıqda ittiham olunur. Artıq məhkəmə Asəf Zeynalov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib.
6. Hacı İlqar Əyyubov. Cəlilabad rayonu Göytəpə şəhər ruhanisi Hacı İlqar Əyyubov 17 fevralda cümə namazından sonra Cəlilabad polisi tərəfindən saxlanılaraq, polis idarəsinə aparılmışdır. Hacı İlqar Əyyubovun saxlanmasının səbəbi bilinmir.
7. Seymur Zeynalov. Yasamal rayonunda yaşayan dindardır. Üzərindən 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkarlandığı iddia edilir.
8. Hacı Əliyev. Hacı Əliyevi Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinin əməkdaşları saxlayıb. Üzərindən 3 ədəd patronu olan “Makarov” tipli tapança götürüldüyü iddia edilir.
9. Əliyev Nadir Məmmədağa oğlu. Cəlilabad polisi daha bir Cəlilabad sakini dindar Əliyev Nadir Məmmədağa oğlunu da fevralın 17-də cümə namazından sonra saxlayaraq, polis idarəsinə aparmışdır. Onun da hansı səbəbdən saxlanması haqqında məlumat verilmir.
10. Seyid Elbrus İbadov. Bakının “Papanin” adı ilə tanınan məhəlləsinin sakini Elbrus İbadovu fevralın 16-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb.
11. Anar Bayramlı. 31 yaşlı A.Bayramlı 5 ildir İran televeziyasında çalışır. Fevralın 17-də evindən aparılıb. O, “Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayıb. Onun üzərindən 4 qram heroin aşkarlandığı iddia edilir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.
12. Ramil Dadaşov. Fevralın 17-də Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanılıb. Həbsinin səbəbi bilinmir.
13. Ceyhun Həbibov. Sədərək ticarət mərkəzində işlədiyi məkandan mülkü geyimlilər tərəfindən aparılıb. Haqqında məlumat yoxdur.
14. Əbülfəz Bünyadov Heybət oğlu. Nardaran qəsəbə sakinidir. Ailəlidir, bir azyaşlı əlil övladı var. Fevralın 18-də həbs edilib. O, “İslam həqiqətləri” qəzetində tənqidi məqalələr dərc etdirirmiş.
15. Zəkiyev Əbülfəz Əlikram oğlu. Nardaran qəsəbə sakini Əbülfəz Zəkiyev Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur. Əbülfəz Zəkiyev Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun xalası oğludur. Onun böyük qardaşı Məhəmmədtağı Zəkiyev də həbs olunub. Lakin onun harada saxlandığı bilinmir. 1971-ci ildə doğulub. Ailəlidir, üç övladı var.
16. Zəkiyev Məhəmmədtağı Əlikram oğlu. Nardaran qəsəbə sakini, 1963-cü ildə doğulub. Ailəlidir, dörd övladı var.
17. Rəsulov Taleh Əliyusif oğlu. Nardaran qəsəbə sakini, 1977-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Fevralın 15-də həbs edilib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur
18. Ələkbərov Həmidağa Tofiq oğlu. Nardaran qəsəbə sakini, 1975-ci ildə doğulub. Ailəlidir, beş övladı var. 2011-ci ilin sonlarında həbs olunan Kərbəlayi İmran Ələkbərovun kiçik qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsi veteranıdır.
19. Qasımov Rahim Museyib oğlu. Nardaran qəsəbə sakini, 1971-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Fevralın 13-də həbs edilib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur
20. Tağıyev Elman Ramiz oğlu. Nardaran qəsəbə sakini, 1978-ci ildə doğulub. Ailəlidir, iki övladı var.
21. Xudaverdiyev Əli - Nardaran qəsəbə sakini. Axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğludur.
22. Niyazi Əlövsət oğlu Kərimov. Kərimov Niyazi – Nardaran qəsəbə sakini, 1961-ci ildə doğulub. Ailəlidir, iki övladı var. Qarabağ müharibəsinin iştirakçısıdır. Niyazi Kərimov müharibədə başından aldığı xəsarətə görə Maştağa qəsəbəsindəki ruhi-əsəb dispanserində müalicə olunurmuş. Fevralın 17-də onu dispanserdən tutub aparıblar.
Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun qardaşıdır. Niyazi Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
23. Məmmədov Şahin. Nardaran sakini. Sədərək ticarət mərkəzində işləyir. İş yerindən aparılıb. Ailəlidir. 2 övladı var.
24. Nüsrət Aydın oğlu Cəlilov. Nardaran sakini. Suriyada dini təhsil alıb. Fevral ayında Nardaran qəsəbəsində həbs olunan Elman Tağıyevin qayınıdır. Ailəlidir, 3 uşağı var. Təsdiq olunmayan məlumata görə, Cinayət Məcəlləsinin 274-cü – dövlətə xəyanət maddəsi ilə ittiham olunur. Bəzi məlumatlara görə, barəsində həbs qətimkan tədbiri seçilib.
25. Hacı Səxavət Əliyev. Bülbülə qəsəbəsindəki “Ağabalabəy” cümə məscidinin axundu. Onu fevralın 21-də həbs ediblər. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda) ittiham olunur.
26. Əliyev Afət. Gəncəli ruhani. Tələbədir. Məhkəmənin hökmü ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Xuliqanlıqda ittiham olunur.
Bundan əlavə, ötən ilin sonunda tutulan, narkotik maddə ittihamı üzrə təqsirli bilinən nardaranlı dindarlar Dilavər Yaxşıbəyovvə İmran Ələkbərov Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Dilavər Yaxşıbəyova hökm martın 7-də, İmran Ələkbərova martın 9-da çıxarılıb.
(Turan İA, Islam-azeri.az, Azadxeber.com, Mediaforum və digər resurslara əsasən hazırlanıb)/deyerler