/Aran agentliyi
Qubada icra başçısı Rauf Həbibovun devrilməsi ilə nəticələnən üsyandan sonra rayonda vəziyyət gərgin olaraq qalır. Icra başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədov mətbuata Qubada sakitlik olduğunu desə də, rayondan fərqli informasiyalar gəlir. Həbslər, aksiyada iştirak edənlərin istintaqa çağırılıb dindirilməsi Qubada ciddi narahatlıq yaradır. Qubadan seçilən deputat Yevda Abramov da “Bizim Yol”a açıqlamasında yerli insanların həbsinin yenidən narazılığı artıra biləcəyini deyib: “Əgər insanlar günahsız tutularlarsa, Qubada xalq ayağa qalxa bilər. Ona görə də hüquq-mühafizə orqanları bu hadisəni araşdırarkən diqqətli olmalıdır. Hazırda istintaq aparılır. Mən istintaq orqanını təmsil etmədiyimə görə, araşdırmaların nə yerdə olduğunu deyə bilmərəm. Ancaq günahsız insanlar tutularsa, bu, xoşagəlməz nəticələr yaşada bilər”.
Bu arada bəlli olub ki, martın 10-da polisə aparılan 22 yaşlı rayon sakini Məhəmmədhəsən Əkbərov buraxılıb.
Bu barədə “Azadlıq” radiosuna onun əmisi Pənah Əkbərov məlumat verib. Dediyinə görə, qardaşı oğlundan yazılı izahat alınıb və ona aksiyalara çıxmamaqla bağlı xəbərdarlıq edilib.
Martın 5-i və 9-da isə polisə aparılan Xəyyam Yunisovla Murad Zakirov isə sərbəst buraxılıb. Yaxınlarının “Azadlıq” radiosuna verdiyi məlumata görə, onlara bir daha aksiyalara çıxmamaq haqda xəbərdarlıq edilib, onlardan yazılı iltizam alınıb.
Quba hadisələri ilə əlaqədar indiyə qədər həbs edilib barəsində cinayət işi açılan 3 nəfərin adı məlumdur - Alxas Dənyalov, Samir Xammədov və Fərhad Abdurrəhmanov. Onların bir neçə gün əvvəl Qubadan Bakıya gətirildiyi bildirilir.
Hər 3 gənc özgə əmlakını qəsdən məhv etməkdə və ictimai qaydanı pozmaqda ittiham olunur.
Maraqlıdır ki, istintaq Quba hadisələrində əsas təqsirkar olan devrilmiş icra başçısı Rauf Həbibovla bağlı susur. Onun barəsində cinayət işinin başlanıb-başlanılmadığı barədə məlumat verilmir. “Azadlıq”ın əməkdaşı bu məsələni aydınlaşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlasa da, nəticəsi olmayıb.
Qəzetimizə daxil olan məlumatlara görə, nəqliyyat naziri Ziya Məmmədov hadisələri sabiq icra başçısı Arzuman Əliyevin üzərinə yıxmaq üçün səylərini davam etdirir. Nəqliyyat naziri bununla hadisələrin əslində qrup oyunu olduğunu sübuta yetirməyə çalışır. Ötən saylarımızda məlumat vermişdik ki, Quba polisinin rəis müavini Azər Rzayevin işdən çıxarılması da bununla bağlıdır. Azər Rzayev Arzuman Əliyevin yaxın qohumudur.
Azadliq