İran və Azərbaycan XİN rəhbərlərinin Naxçıvan görüşü beynəlxalq əhəmiyyətə malikdir
/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iranlı həmkarı Abbas Ərakçi ilə İran-Azərbaycan münasibətlərini müzakirə edib.
Bu barədə Bakıda keçirilən mətbuat konfransı zamanı İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami məlumat verib. Onun sözlərinə görə, bir ay sonra danışıqları davam etdirmək üçün Abbas Ərakçi yenidən Azərbaycana səfər edəcək.
"Ölkələrimiz arasında heç vaxt gərginlik olmayıb. İran və Azərbaycan XİN rəhbərlərinin Naxçıvanda keçirilən görüşü həm regional, həm də beynəlxalq baxımdan əhəmiyyətli olmaqla, ölkələrimizin beynəlxalq arenada maraqlarına xidmət edir", - səfir deyib.
Səfir həmçinin bildirib ki, Abbas Ərakçi yaranmış vəziyyətlə əlaqədar Azərbaycana səfərə dəvət olunub, nazir müavini təxminən 1 ay ərzində Bakıya gələcək: "Demək olar ki, iki ölkə arasında böhran vəziyyəti mövcud deyil. Ümumiyyətlə, ailədə də iki qardaş arasında hansısa problem ola bilər. Əsas odur ki, problemlər müzakirə edilib, həll olunsun."
Səfir jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İran və Azərbaycan xalqları eyni sivilizasiyaya, eyni dinə və mədəniyyətə malikdirlər: "Biz viza rejimini ləğv etdik ki, azərbaycanlı bacı-qardaşlarımız İrana səfər etsinlər, bayram günləri görüşsünlər. Vizanın aradan götürülməsi ölkələr arasında inteqrasiyaya kömək edəcək."
Jurnalistlərin, "İran həmişə regionda problemlərin həllində fəallıq nümayiş etdirib. İndi regionda, xüsusən Orta Şərqdə böyük problem var. Suriyada hər gün onlarla insan həlak olur. İran İslam Respublikası orada vəziyyətin sabitləşməsi üçün hansısa tədbirlər görürmü, yoxsa gələcəkdə nəsə planlaşdırır", - sualını səfir belə cavablandırdı: "Təbii ki, İran regionda olan problemlərin həlli üçün, o cümlədən, Suriyada öz nüfuzundan, təsir qüvvəsindən istifadə edir. Amma bu məsələ ilə əlaqədar olaraq texniki məsələni qeyd etmək istərdim. Diqqət etsəniz, Bəhreyndə müsəlman şiə xalqı qətliam olur, amma heç kimin səsi çıxmır. Bunun tam əksinə, Suriyada olan proses tam başqadır. Suriyada olan ixtişaşçılar xaricdən idarə olunurlar. Bu gün Suriyaya qarşı olan sərt münasibət, bu ölkənin İsraillə düşmən mövqedə olmasından irəli gəlir. Elə buna görə də, Amerika və sionistlər bu məsələdə Suriya dövlətinə qarşı ən qabaqcıl ölkələr sırasında çıxış edirlər. Təbii ki, biz Suriya hökumətindən istəmişik ki, xalqın rifahını, vəziyyətini nəzərə alsın və bu məsələni dinc yolla həll etsin."
"Amerika, İsrail və İran münasibətlərinə Azərbaycanın mövqeyi bir səfir kimi sizi qane edirmi?", - sualını isə səfir belə cavablandırdı: "Biz Azərbaycan Respublikasını müstəqil bir ölkə kimi tanıyırıq. Təbii ki, qəbul etdiyi qərarları müstəqil verir. Biz qonşu ölkələr, Azərbaycan kimi qardaş dövlətlərlə bu məsələləri müzakirə edirik. Əgər hər hansı mövqe maraqlı olsa, o barədə fikir mübadiləsi aparırıq. Mənim şəxsi fikirimə görə, İsrail çökməkdədi, özü də daxildən çökür."
"Pakistanda İslam Respublikası öz dövlətində Xocalı faciəsini soyqırımı kimi tanıdı. Bunun davamı olaraq, İran İslam Respublikası da faciəni soyqırım kimi tanıya bilərmi" sualına səfir Bəhrami belə dedi: "Azərbaycan Respublikası bu günlə əlaqədar həm Tehranda, həm də Təbrizdə böyük tədbir keçirib. İran İslam Respublikası bütün tarixdə törədilmiş soyqırımıları, istər monqolların, istər nasist almanların, istərsə də sionistlər törətdiyi soyqırımların hamısını pisləyir. Nəzərə alsaq ki, mən özüm hüquqşünasam və neçə dəfə parlamentə üzv seçilmişəm. Parlamentdə təsdiq olan bütün layihələrin öz hüquqi prosedurası var."