Əgər bir neçə gün ərzində ölkənin minbərlərə çıxan ruhaniləri birdən-birə narkotiklə tutulursa və ictimai rəy bunu həzm edirsə, ölkəni bu sarsıtmırsa, təbii olaraq, burada dayanılmayacaq
/Aran agentliyi
Azərbaycan Respublikasında Cümə İcmasının sədri Hacı İlqar İbrahimöğlu xəbərdarlıq edib ki, ruhaniyə narkoman ittihamını həzm edən toplum, bir gün jurnalistə qarşı biabırçı şantajı yeməyə düçardır!
Hacı İlqar İbrahimoğlu İctimai Palatanın siyasi məhbuslara həsr olunmuş dəyirmi masasında vurğulayıb : “Bu gün də ağır bir şantaj olayı ilə üz-üzəyik. Təəccüblü deyil: Əgər bir neçə gün ərzində ölkənin minbərlərə çıxan ruhaniləri birdən-birə narkotiklə tutulursa və ictimai rəy bunu həzm edirsə, ölkəni bu sarsıtmırsa, təbii olaraq, burada dayanılmayacaq. Ölkədə jurnalistlər, ictimai xadimlər, siyasi xadimlər şantaj olunacaq. Biabır olunmaqla, rüsvay olunmaqla hədələnəcək. “
Cümə İcmasının sədri əlavə edib : “ Son il yarımda, Azərbaycan üçün xarakterik olmayan, adətən bu qədər geniş və kütləvi olmayan yeni bir hal da yaşanmaqdadır. Bu, demək olar ki, bir neçə mərhələdə baş verən, bəzi mütəxəssislərin fikrincə, artıq üçüncü dalğa olaraq, dindarların həbsidir. Belə söyləmək olar ki, Hacı Mövsüm Səmədovun həbsi ilə başlayan bir dalğa, onun ardınca yenə də İran-Azərbaycan münasibətlərinin kəskinləşdiyi bir vaxtda Hacı Abgül və Ramin Bayramovun həbsini ehtiva edən ikinci dalğa ilə davam etdi. Ramin Bayramov jurnalistdir, “İslam-azəri ” saytının baş redaktorudur. Təəssüflər olsun ki, bu günə qədər ölkənin demək olar ki, əksər jurnalist qurumları bununla bağlı mövqe bildirməyiblər. RATİ və çox az sayda digər fikir bildirənlər istisnadır. Ramin Bayramov jurnalistdir. Ola bilər ki, kimin üçünsə bir fərqi olsun ki, namaz qılan jurnalistdir, namaz qılan redaktordur. Onun müdafiəsi də media quruluşları tərəfindən yetərincə olmayıb. Amma bununla da bitmir. Təqribən fevral ayında dindarların həbsi ilə bağlı artıq üçüncü dalğa başladı. Üçüncü dalğada ən azı 24 nəfərin həbsi reallaşıb. Üçüncü dalğada ölkədə ümumiyyətlə heç bir ictimai-siyasi hadisələrə qatışmayan, hətta ölkədə son il yarımda din azadlıqları ilə bağlı kəskinləşən durumda belə heç bir məsələyə qarışmayan, bu mövzularda danışmayan şəxslər var.
Namus simvolları olan, həqiqi mənada namus simvolları olan, minbərlərdə danışan və camaat tərəfindən dinlənilən çox dəyərli bir neçə ruhanisi həbs olunub. Hacı İlham, Hacı Səxavət, cənub zonasında çox tanınmış bir çox ruhani, o cümlədən, Hacı İlqar və digərləri həbs olunublar. Ölkənin bir neçə dəyərli ruhanisi son həftələrdə həbs olunub. Ən acınacaqlısı budur ki, gələn xəbərlərə görə bunlar qarşısında açıq-aydın seçimlər qoyurlar. Yəni ən azı iki belə nümunə var ki, onlara əcaib təkliflər edirlər. Deyirlər özünüz seçin, ya narkotiklə bağlı sizi həbs edək, ya silahla bağlı həbs edək, ya da ölkədə dövlət çevrilişi ilə bağlı sizi həbs edək. Görün, vəziyyət hara gəlib çatıb ki, bu kimi seçimləri etməyi ölkənin heç bir ictimai-siyasi hadisəsinə qarışmayan, dəyərli ruhanilərinə təklif edirlər. Bu, kifayət qədər ağır bir durumdur. Kifayət qədər çətin bir zamandır. Əfsuslar olsun ki, ölkədə, ictimai rəydə inanclı və dindarlarla bağlı bir ehtiyatlılıq var. Və bu hal qınanılmalıdır. “
Hacı İlqar İbrahimoğlu ılavə edib : “ Əgər bir gün minbərə çıxıb danışan insanı - hansı ki, hər ölkədə bu insanlar müəyyən mənada böyük bir mənəvi statusa sahib olurlar - bunlara qarşı bu hadisələr olursa, bütün ictimai rəy ayağa qalxmalı idi. Deməli idi ki, əgər iki gün ərzində bu ölkənin bir neçə aparıcı ruhanisi, ölkənin mənəviyyatı ilə məşğul olan insanları narkomandırsa, onda nə baş verir?! Ölkə mənəviyyatı ilə məşğul olan insanlar narkomandırsa, o zaman ölkə nə vəziyyətdədir?! Bu, əslində hər bir Azərbaycan vətəndaşına qarşı baş verib. Belə çıxır ki, heç bir Azərbaycan vətəndaşı bu kimi şeylərdən sığortalanmayıb. Bu gün mətbuatda ən çox danışılan mövzudur ki, həbsdə olan insanlara qarşı zorakılıq olub. Bu, hər bir Azərbaycan insanının başına gələ bilən hadisədir, çünki hər kəs həbsdə ola bilər və bu hadisə ilə qarşılaşa bilər. Hesab edirəm ki, bu dönəmdə vətəndaş cəmiyyəti tam sürətdə toparlanmalıdır. Birmənalı olaraq, bu, əslində şərəf və ləyaqət uğrunda mübarizədir. Bu cür ab-havanın dəyişilməsi labüddür. Bunun dəyişilməsi üçün hər kəs öz prinsipial mövqeyini ortaya qoymalıdır. “
Bəzi siyasi məhbusların buraxılması barəsində isə Hacı İlqar İbrahimöğlu əlavə edib : “Son günlərdə inanclı kəsimdən də bir neçə insanı buraxıblar. Aydındır ki, onlar yeni siyahılara düşmək ərəfəsində idilər. Ştrasserin hazırladığı yeni siyahı olacaq. Artıq 6 may hicab aksiyası məhbuslarının siyahısını bir növ yüngülləşdirirlər. Sanki siyahıları yüngülləşdirmək əvvəlki ənənədir. “