Tarix : 2012 Mar 12
Kod 29167

İctimai Palata aprelin 8-ə mitinq təyin edib

Bu gün İctimai Palatanın (İP) növbəti sessiyası keçirilib
/Aran agentliyi

Apa-nın məlumatına görə, Müsavat Partiyasının qərargahında keçirilən iclasa İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sədrlik edib. Sessiyada İP Koordinasiya Şurasının üzvü Mehriban Vəzir təşkilatın ötən ay ərzində gördüyü işlərlə bağlı məlumat verib. Koordinasiya Şurasının üzvləri Səxavət Əlisoy və Valeh Hümbətoğlu ötən iclaslarda verdikləri təkliflərinin nəzərə alınmamasına görə qurumun işini tənqid ediblər.

Daha sonra İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edib. İ. Qəmbər qurumun Ziyalılar Forumu ilə münasibətlərinin qurulduğunu söyləyib. Müsavat başqanı deyib ki, İP ortaya daha aydın mövqe və siyasi iradə qoymalıdır: “Aksiya ilə bağlı yekdil bir qərara gəlməyin zamanıdır. Artıq mitinq gününü dəqiqləşdirmək, bununla bağlı qəti qərar vermək zəruridir”.

İP üzvü Valeh Hümbətoğlu isə çıxışında deyib ki, əgər hakimiyyət İP-ə şəhərin mərkəzində aksiya keçirmək üçün icazə verməsə, İctimai Palata aksiyanı Bibiheybət qəsəbəsində keçirməlidir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə sessiyada İctimai Palatanın Bibiheybət qəsəbəsində mitinq keçirməsinin mümkünlüyü barədə təklifə sərt münasibət bildirib: “Ümumiyyətlə, burada Bibiheybət adını çəkmək düzgün deyil”.

İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də sessiyada çıxış edərək mitinq keçirilməsinin zəruri olduğunu deyib.

İctimai Palatanın üzvü Səxavət Əlisoy aksiyanın harada keçirilməsinin elə də əhəmiyyətli olmadığını bildirib: “Mitinqi bizim istədiyimiz yerdə, yoxsa hakimiyyətin təklif etdiyi yerdə keçirməyin elə bir fərqi yoxdur”.

İctimai Palatanın üzvü Tofiq Yaqublu isə deyib ki, aksiya icazə verilib-verilməməsindən asılı olmayaraq keçirilməlidir. O, aksiyanın “Təbriz” kinoteatrının qarşısında keçirilməsini təklif edib.

Sonda səsvermə ilə İctimai Palatanın aprelin 8-də mitinq keçirməsi barədə qərar qəbul olunub.

Mitinqin yeri barədə qərarı İP Koordinasiya Şurası verəcək.

Bununla da İctimai Palatanın sessiyası başa çatıb.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 12