/Aran agentliyi
Hökumətin hazırladığı yeni qaydalara əsasən, ibadət evləri bələdiyyələrin tabeliyinə veriləcək; Şeyx müqavimət göstərir; YAP elitasının dini liderə qarşı qərəzi sözdən işə keçir
Azərbaycanda fəaliyyət göstərən məscidlər QMİ-nin balansından alınıb bələdiyyələrə veriləcək. Əldə etdiyimiz məlumata görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin özü yaxın adamlarına bildirib. Şeyx deyib ki, hökumət bununla bağlı layihə hazırlayır. Yəqin ki, yaxın zamanlarda məsələ ilə əlaqədar olan qanun layihəsi və yaxud müvafiq sərəncam qəbul olunacaq.
Yeri gəlmişkən, bir qədər əvvəl bu barədə “xəbər.info” portalı etibarlı mənbələrə istinadən məlumat yaymışdı. Bizə çatan bilgilər həmin məlumatı təsdiq etməklə yanaşı, ilkin qaynaq kimi hörmətli Şeyximizin olduğunu, onun bu mövzuda bütün yaxın adamlarını xəbərdar etdiyini bir daha təsdiqləyir. Bildirilir ki, mövzu ilə əlaqədar yaxın ətrafını bilgiləndirmək və məsələni müzakirə etmək üçün Şeyx həzrətləri bir qədər əvvəl yaxın adamları ilə xüsusi toplantı keçirib. Həmin toplantıda iştirak edənlərdən biri müxbirimizə deyib ki, QMİ sədri bu plandan olduqca narazıdır və o, bütün imkanlarını işə salaraq, planlaşdırılan dəyişikliyə müqavimət göstərir.
Ancaq QMİ sədrinin özünün də etiraf etdiyinə görə, bu plana mane olmaq imkanları çox məhduddur. Burada onu da vurğulayaq ki, Şeyx həzrətlərinin imkanlarının məhdudlaşdırılması, onun əlindən hətta nəzir qutularının alınması tələbi ilə YAP yetkililəri dəfələrlə məsələ qaldırıblar. Bu barədə YAP-ın elitasına daxil olan simalar, xüsusi ilə Siyavuş Novruzov MM-in iclaslarında da məsələ qaldırıb. Bu və bir sıra özəl məlumatlar belə bir iddiaya əsas verir ki, hakimiyyət düşərgəsində kifayət qədər güclü fiqurlar Şeyxin əlinin-ayağının yığılmasında maraqlıdır, bu istiqamətdə xeyli vaxtdır, çalışırlar. Bu iddianın bir təsdiqi də odur ki, müəyyən müddət əvvəl hakimiyyət düşərgəsinə, ayrı-ayrı məmurlara yaxın olan media quruluşlarında QMİ sədri tənqid və təhqir atəşinə tutulurdu. İş çızığından o dərəcədə çıxmışdı ki, hətta ölkənin müxalif mediası üzdən-gözdən salınan Şeyxin müdafiəsiə qalxmağa məcbur qalmışdı. Deyilənə görə, həmin vaxtlar yalnız ölkə prezidentinin müdaxiləsi sayəsində Şeyximiz iqtidar məmurlarının hücumlarından yaxa qurtara bilmişdi... İndi belə anlaşılır ki, hakim partiyanın və iqtidar komandasındakı bir sıra fiqurların Allahşükür Paşazadəyə qarşı sözlü hücumları gerçək planlara, ciddi zərbələrə keçir.
Bəs, nəzərdə tutulan dəyişiklik olsa, özü ilə nələri gətirəcək? Qeyd edək ki, hazırda Azərbaycan ərazisində 1802 məscid mövcuddur. Əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycanda məscidlərin böyük qismi tarixi abidə hesab olunur, bir qədər də dəqiqləşdirsək, müstəqillikdən sonra ölkədə 595 (117 məscid son 8 ildə tikilib) məscid tikilib. Yerdə qalan 1200-dən artıq məscidin ən azı 100 ildən artıq ömrü var. Ölkədəki məscidlərin əksəriyyəti hazırda QMİ-nin balansındadır. Onların yalnız cüzi hissəsi tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin balansına bağlıdır. Bütün məscidlərə axund və imam təyinatının səlahiyyəti isə QMİ-yə verilib. Son illərdə dini qanunvericilikdə edilən dəyişikliklərdən sonra bütün müsəlman dini icmaları məscidlərdə yaradılır və icmaların qeydiyyatı üçün QMİ-nin zəmanəti tələb olunur. Qanunvericiliyin dəyişməsi o deməkdir ki, məscidlərin idarə edilməsi, təsərrüfat məsələləri tamamilə QMİ-dən alınıb bələdiyyələrə veriləcək. Bu isə gəlirli sahə hesab olunan nəzir qutularının QMİ-nin əlindən alınması deməkdir. (YAP-ın parlamentdə qaldırdığı məsələ!) Burada yalnız məscidlərə axundların və imamların təyinatı səlahiyyəti, əvvəllər olduğu kimi, QMİ-də qalacaq.
Qeyd edək ki, son illərdə dövlətin dini sfera üzərində təzyiqləri artıb və hökumət dini icma və məscidlərin üzərində nəzarəti gücləndirmək üçün hətta QMİ-nin səlahiyyətlərini artırıb. Ancaq bununla da QMİ-nin ölkə boyunca, faktiki olaraq, vahid dini mərkəzə çevrilməsinin baş verməsi də iqtidarda narahatlıq yaradır. Görünür, planlaşdırılan dəyişiklik Şeyxə qarşı şəxsi sevməzliklə yanaşı, həm də QMİ-nin dini sferada super quruma çevrilməsinin qarşısının alınması üçün ortaya atılıb.
Arayış verək ki, indiki Qafqaz Müsəlmanları İdarəsi adlanan qurum 1823-cü ildə təsis olunub. İlk olaraq Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilib. 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi təsis olunub. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilir, onların fəaliyyətinə canişin nəzarət edirdi. Şeyxülislamlıq, faktiki olaraq, dövlət idarəsinin bir qolu kimi fəaliyyət göstərib. Sovet imperiyası qurulanda -1920-ci ildə dini idarə ləğv olunsa da, 1944-cü ildə Sovet müsəlmanlarını Hitler Almaniyasına qarşı savaşa cəlb etmək üçün Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yenidən bərpa olunub.