GEN” MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər ilaxır çərşənbəni burada qeyd etdilər
/Aran agentliyi
Bu gün “GEN” MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər Prezident Administrasiyasının (PA) binası qarşısında razılaşdırılmamış aksiya keçiriblər. 50-yə yaxın aldadılmış şəxs əllərində plakatlarla PA önünə yürüş etdilər. Aksiyaçılar ya evlərinin, ya da pullarının geri qaytarılmasını tələb etdilər.
Aldadılmış payçılar “Pulumuzu verin!”, “Prezident bizi qəbul etsin!”, “Evimiz!” şüarları səsləndirərək, səslərini eşitdirməyə çalışdılar.
Onlar ilaxır çərşənbə günü ilə əlaqədar aksiyaya şirniyyatlarla bəzədilən xonça ilə gəliblər. Əllərində paxlava, şəkərbura, səməni tutan aksiyaçılar bildiriblər ki, bayramı da elə burada qeyd etdilər: “Bizim dərdimiz böyükdür. Külli miqdarda pulumuzu alıb, bizi aldadıblar. Bu gün biz bura toplaşaraq ölkə başçısından kömək istəyirik. Nə qədər ki, bizim evimizi verməyiblər, rahat ola bilmərik”.
Əraziyə gələn polis qüvvələri isə vətəndaşları oradan uzaqlaşdırmağa başladı. Bu zaman onların əllərindəki plakatlar alındı, özləri isə ərazidən uzaqlaşdırıldı. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər hər həftənin ikinci günü saat 15.00-da aksiya keçirəcəklərini bildirdilər. “Bizi Prezident Aparatından heç kim qəbul etmir. Bizi dinləyən yoxdur. Ona görə də aksiyaları davam etdirəcəyik”-deyə Afət adlı zərərçəkən bildirdi.