Tarix : 2012 Mar 15
Kod 29243

İCRA BAŞÇISININ EVİNİN YAĞMALANMASI BOYU

O qədər içmisən ki, ağlın başından çıxıb, dünyadan xəbəri yoxdur. Caamat sənin evini yağmalayıb, villalarını dağıdıblar, bir Qazel yükü ''Finlandiya'' arağını aparıblar, indi də bura gəlirlər
/Aran agentliyi

Dan yeri sökülməmiş Ulaş oğlu, Tülü quşun yavrusu, yazıqların ümidi, Amit soyunun aslanı, Qaraçuğun qaplanı, qonur atın yiyəsi, Xan Uruzun ağası, Bayandır xanın göygüsü, Qalın oğuzun dövləti, qalmış yigit arxası, döyüş günü öndən təpən, düşmən məğlub olanda qaçanı qovmayan, aman diləyəni öldürməyən başçılar-başçısı Qazan müəllim qara qayğılı yuxu görüb hövlənak yerindən qalxdı.

Başçının başı partlayırdı. Əvvəl-əvvəl nə olduğunu bilməyən başçı bir parç sərin su içdikdən sonra yadına saldı ki, gecə öz villasında dostlarla məclis təşkil edib, bir “Qazel” 200 manatlıq “Finlandiya” arağı içib keflənibdir. Başçı elə keflənmişdi ki, məclisin nə vaxt bitdiyini, qonaqları kimin yola saldığını xatırlamırdı. İkinci parçı da birnəfəsə içdikdən sonra, başçının başı açıldı, yavaş-yavaş bütün gecəni kino lenti kimi gözünün önündə canlandırdı. Ona axırıncı qədəhi süzənə söydüyünü xatırlayanda, insafən bir az xəcalət çəkdi və özünə söz verdi ki, bir də ucuz araq içməyəcək, zəhrimar yaman baş ağrısı verir.

Başçının başı açılsa da qara yuxusu onu rahat buraxmırdı. Yuxusunu danışmağa bir adam da yox idi. Gecənin bu vaxtı kimi oyadıb yuxu danışasan, hansı nazirə zəng vurasan? Deməzlərmi, dəli olmusan, nədir? Əslində, başçını yuxudan daha çox yuxularının çin çıxması narahat edirdi. Dəfələrlə sınamışdı, ən pis yuxuları çin çıxır, başçı ziyana düşürdü. Dədə Qorquddan eşitmişdi ki, yuxunu suya danışanda yuxu çin olur, qərara gəldi ki, suya heç nə deməsin. Onsuz da yüz qram acı suyun zibilinə düşüb. Yaxşısı budur yuxusunu ağaca danışsın, alma ağacına.

İcra başçısı qara qayğılar içində qəhr olurkən, birdən müavini Qarayev Çoban müəllimin qara səsini eşitdi:

Çoban: Qazan, ay Qazan, ölmüsənmi, itmisənmi, haralardasan ay Qazan?

Qazan: Ağzın qurusun Çoban, dilin çürüsün Çoban. Hərzə-mərzə danışma, ay Çoban, de görüm nə olub, ala sabah nə sızlarsan, bağrım başım nə dağlarsan?

Çoban: O qədər içmisən ki, ağlın başından çıxıb, dünyadan xəbəri yoxdur. Caamat sənin evini yağmalayıb, villalarını dağıdıblar, bir Qazel yükü “Finlandiya” arağını aparıblar, indi də bura gəlirlər. Möhürü, ştamperi ver mənə, qaç canını qurtar, gedim xalqla danışım, ölsəm ölüm, qalsam sənin evini qurtarım.

Qazan: Boş-boş danışma Çoban, hamınız yerimə göz dikmisiz, özümə nə gəlib ki, mənim evimi sən qurtarasan, mənə Qazan müəllim deyərlər. Bu saat səni alma ağacına bağlayaram.

Qazan müəllim Çobanı ağaca sarıyıb, qonur atını minib getdi. Bundan sonra “onu gördüm” deyən olmadı.

  • Yazılıb
  • da (də) 2012 Mar 15