Füzuli Rayon Məhkəməsinin qərarı ilə vəkillikdən uzaqlaşdırılmış Elçin Namazov barəsində açılan cinayət işinin istintaqı yekunlaşıb
/Aran agentliyi
O, martın 13-də “Media forum” saytına açıqlamasında deyib ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Elçin Namazovun sözlərinə görə, yanvarın 16-da Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə iş başlanıb. Martın 1-də isə Elçin Namazovu Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağıraraq təqsirləndirilən şəxs kimi istintaqa cəlb ediblər və ona rəsmi ittiham elan olunub: “Özümü müdafiə etmək on gün vaxt istədim. İstintaqı aparan müstəntiq Elman Yəhya bununla razılaşdı. Bu müddətdə şahid ifadələri, məhkəmə protokolları, sənədlərlə ittihamın saxta olduğunu sübut edəcəkdim. Amma martın 5-də çağırdılar ki, gəl işlə tanış ol, məhkəməyə göndərməliyik. Əvvəl getmək istəmirdim. Amma hədə-qorxu gəldilər. Məni axtarışa verib həbs etməklə istintaqa aparmaq istəyirdilər. Ona görə də məcbur olub istintaq idarəsinə getdim, işlə tanış oldum və sənədlər məhkəməyə göndərildi”. İstintaq idarəsi Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevi, 2 aprel məhbuslarının işi üzrə dövlət ittihamçısı Aydın Əliyevi, məhkəmə iclasının katibini və nəzarətçiləri dindirib: “Mən də şahid kimi dindirilməsi üçün 20 nəfərin siyahısını vermişdim. Orada vəkillərin, məhbusların ailə üzvlərinin, jurnalistlərin, siyasi partiya üzvlərinin adları vardı. Amma istintaq bizim şahidləri dindirməkdən imtina etdi. Bundan başqa müstəntiq Elman Yəhya mətbuatda getmiş materialları toplamışdı. Amma gördülər ki, mətbuat materialları ittihamı təkzib edir, onları cinayət işinin içindən çıxardılar”.
Elçin Namazov bildirib ki, istintaq onu məhkəməyə hörmətsizlikdə, hakimi təhqir etməkdə günahlandırır: “Güya mən məhkəməni savadsızlıqda, hakim Şahin Abdullayevi özbaşınalıqda ittiham etmişəm. Əslində isə söhbət mənimlə şahid arasında olub. Mən şahiddən soruşmuşam ki, savadsız hakim görmüsən, məhkəmə özbaşınalıq edə bilər? Mən bunları şahidə sual formasında demişəm, hakimə, məhkəməyə yönəlməyib. İşdə ziddiyyətli məqamlar olduğuna görə şikayətçi tərəflə təqsirləndirilən arasında üzləşdirmə aparılması zərurəti yaranmışdı. Bununla bağlı vəsatət verdim. Müstəntiq razılaşdı ki, mənimlə Şahin Abdullayev arasında üzləşdirmə aparacaq. Amma bir necə gündən sonra dedi ki, buna ehtiyac yoxdur. Çünki Şahin Abdullayev üzləşmədən imtina etmişdi”.
Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi məsələnin sülh yolu ilə həll olunması, məhkəməyə göndərilməməsi üçün Elçin Namazova barışıq ərizəsi yazmağı təklif edib: “Bu söhbətdə Baş Prokurorluğun istintaqa nəzarət edən nümayəndəsi və müstəntiq Elman Yəhya da iştirak edirdi. Dedilər ərizə yaz, orada qeyd et ki, həddimi aşmışam, bundan peşmanam. Cavab verdim ki, Şahin Abdullayev gəlib üzümə desin ki, mən ona belə sözlər söyləmişəm, ərizə yazım. Şahin Abdullayev istintaqa gəlmədiyinə görə mən də barışıq ərizəsi yazmaqdan imtina etdim”.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 289. Məhkəməyə hörmətsizlik etmə
289.1 Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə -üç yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
289.2 Eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Media forum