Tarix : 2012 Mar 15
Kod 29257

Nardaranlılar müxalifətə qoşulsa…

Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq “Bizim Yol”a kütləvi həbslərdən danışıb
/Aran agentliyi

Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq “Bizim Yol”a kütləvi həbslərdən danışıb. Qardaşı və xalası oğlunun da həbs edilənlər içərisində olduğunu deyən Kərbəlayinin sözlərinə görə, onlarla yalnız vəkillər vasitəsilə əlaqə saxlaya bilirlər: “Həbs edilən dindarların bəzisinə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb. Şəxsən mənim qardaşıma, xalam oğluna, eləcə də digər dindarlara qarşı bu ittiham irəli sürülüb. Lakin onlar bu qurama ittihamı rədd edirlər. Bizim araşdırmalarımız göstərir ki, son həbslər zamanı təxminən 25 dindar saxlanılıb. Onların arasında sadə dindar insanlarla yanaşı ruhanilər də var. Biz hələlik prosesin sonunu gözləyirik”.

Müsahibimizin dediyinə görə, Nardaran kəndində həbs edilən dindarların müdafiəsi ilə kəndin Ağsaqqallar Şurası məşğul olur: “Bizim məhdud imkanlarımız var. Digər dindarların müdafiəsinin necə təşkil edildiyini isə bilmirik. Həm də müdafiə işinin birlikdə qurulmasında çətinliklər yaranıb. Təsəvvür edin ki, bir qrup dindarı Milli Təhlükəsizlik Nazirliyi, bir qrup mömini polis, bir qrupunu isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb. Hazırda dindarların hərəsi bir yerdə saxlanılır. Bu da imkan vermir ki, birgə müdafiə işi qurulsun”.

Kərbəlayi Natiq baş verənləri repressiya adlandırıb. Onun qənaətincə, məqsəd mübariz insanları həbsə atmaqdır: “Bu zaman mübariz insanların kimliyi, dini baxışlarına fərq qoyulmur. Yəni hakimiyyət üçün bunun fərqi olmur. Bu gün həbsxanalarda ADP, Müsavat və AXCP üzvləri var. Dindarlarla onların heç bir fərqi yoxdur. Hamısının həbsinin səbəbləri eynidir. Hazırda kənddə sakitlikdir və mitinq keçirmək məsələsi gündəmdə deyil. Ancaq bildiyimiz qədər İctimai Palata, eləcə də Ziyalılar Forumu mitinq keçirmək istəyir. Biz vətəndaş olaraq bu mitinqlərdə iştirak edə bilərik”.

  • Yazılıb
  • da (də) 2012 Mar 15