/Aran agentliyi
Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə mediaya qarşı məhkəmə işləri ilə bağlı dəyirmi masa keçirilib. Müzakirələrdə əsas diqqət defamasiya qanununun qəbulunun yubanmasına yönəlib.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, 2006-cı ildən bəri Milli Məclisə defamasiya haqqında üç qanun layihəsi təqdim edilib: “Bu ilin əvvəlində isə ölkə prezidenti insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması proqramını təsdiqləyib. Proqramda 2012-ci ildə defamasiya qanununun qəbulu nəzərdə tutulur. Amma hələ ki, defamasiya qanunundan xəbər yoxdur, heç bir irəliləyiş nəzərə çarpmır. Buna görə də jurnalistlərə qarşı böhtan və təhqirə görə qaldırılmış məhkəmə işləri də narahatlıq doğurmaqda davam edir”.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağaliyev mediaya, jurnalistlərə qarşı məhkəmə işlərinin statistikası barədə məlumat verib. Onun verdiyi bilgiyə görə, 2005-ci ildə tənqidçi xəbər mediası defamasiyaya görə 14, 2006-ci ildə 29, 2007-ci ildə 103, 2008-ci ildə 25, 2009-cu ildə 28, 2010-ci ildə 71 dəfə məhkəməyə çəkilib: “2010-cu ildə media 37 min 500 manatdan artıq cərimələnib. 2011-ci ildə mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə azı 32 iddia və şikayət irəli sürülüb. 8 jurnalistin yazılarına, ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istənilib. İddia və şikayətlərin çox hissəsini rəsmilər qaldırıb. Ötən il jurnalistlərin üzərinə ümumilikdə 46 min manatdan artıq təzminat ödəmək vəzifəsi qoyulub. Ümumilikdə 2005-ci ildən bəri jurnalistlərə qarşı 300-dən çox məhkəmə işi açılıb, 21 jurnalist həbs olunub, medianın üzərinə 4 milyon manatdan artıq cərimə qoyulub”.
mediaforum