Məhbusun oğlu Məhəmmədəli Axundzadə bununla bağlı heç bir müraciətə baxılmadığını deyir
/Aran agentliyi
Məhbusun oğlu Məhəmmədəli Axundzadə bununla bağlı heç bir müraciətə baxılmadığını deyir
Həbsdə olan AİP-in Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin ailəsi İslamazeri.az-a məktub ünvanlayıb. Məktubu olduğu kimi dərc edirik:
Bağışlayan və rəhm edən Allahın adı ilə! Mən və ailə üzvlərimiz atam Axundzadə Rufulla Höccət oğlunun həbs olunduğu gündən 1 il 2 ay müddətində cəmi 2 dəfə (1 dəfə tək, bir dəfə də ailəylə birgə) Kürdəxanıda yerləşən Bakı İstintaq təcridxanasında şüşə arxasından telefonla söhbətləşmişik. 1-ci dəfə istintaq müddətində müstəntiqin verdiyi icazə kağızı ilə, 2-ci dəfə isə atama hökm oxunduqdan 1 həftə sonra Bakı Ağır Cinayətlər Məhkəməsi hakiminin verdiyi kağızla.
Sonra iş Apellyasiya məhkəməsinə verildi və biz atamla görüş üçün Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdik. Cavabında bizə dedilər ki, Apellyasiya məhkəməsindən icazə məktubu olmalıdır. Biz də Apellyasiya məhkəməsində işə baxan hakimə müraciət etdik. Amma müraciətimizə məhəl qoyulmadı. Bundan sonra Apellyasiya məhkəməsinin Sədrinə müraciət etdik və Apellyasiya məhkəməsində ümumu şöbənin müdiri Əliəkbər Həsənov cavabında bildirdi ki, qanunvericilikdə Apellyasiya icraatında olan iş üzrə məhkumlarla görüş verilməsi nəzərdə tutulmamışdır.
Sonra Apellyasiya məhkəməsinin baxış qərarından kasasiya şikayəti verildiyindən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildi. Biz Ali Məhkəmənin sədrinə də müraciət etdik, lakin bu cəhd də cavabsız qaldı. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olundu və yenə də heç bir nəticə olmadı.
İndi biz başa düşə bilmirik ki, bu nə oyundur oynanılır və bilmirik bu barədə kimə müraciət edək. Atamın şər, böhtan, yalan, iftira ittihamlarla tutulması azmış kimi indi də görüşməyə imkan vermirlər və buna hüquqi don da geyindirirlər.
Axundzadə Məhəmmədəli Rufulla oğlu