Səbəb onların mənzil güzəştlərinin Dövlət Neft Şirkəti tərəfindən qanunsuz ləğvidir
/Aran agentliyi
Neftçilər Novruz bayramından sonra etiraz aksiyası keçirməyə hazırlaşırlar. Aksiyaların davamlı olması planlaşdırılır. Etirazlar əsasən Dövlət Neft Şirkətinin qarşısında keçiriləcək.
Bu barədə “musavat.com”a şirkətin fəhlələri məlumat veriblər. Onların sözlərinə görə, səbəb mənzil güzəştlərinin Dövlət Neft Şirkəti tərəfindən qanunsuz ləğvidir. Neftçilər bildiriblər ki, problemlə bağlı iki dəfə- fevralın 11 və 18-də şirkətin qarşısında aksiya keçiriblər: “Quruma verdiyimiz ərizə və şikayətlərin cavablandırılmasını gözləyirik. Müraciətimizə hələ cavab verilməyib. Bu səbəbdən Novruz tətilindən sonra aksiya keçirəcəyik”.
Neftçilər müraciətlərinə qısa müddətdə cavab verilməyəcəyi təqdirdə Prezident Administrasiyasının və Milli Məclisin qarşısında da aksiyalar təşkil edəcəklər. Həmçinin onlar Dövlət Neft Şirkətini məhkəməyə verməyi də düşünürlər.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə bildirir ki, məhkəməyə müraciət edəcək neftçilərə pulsuz hüquqi yardım göstəriləcək: “Dövlət Neft Şirkətinin işçilərinin mənzil hüququ çox ciddi pozulur. ARDNŞ-in bu hüququ tənzimləyən sərəncamları olsa da, kooperativ tərəfindən güzəştli tikilən mənzilləri neftçilərə güzəştlə vermək istəmirlər. Neftçilər qanunsuz olaraq ev növbəsi siyahısından çıxarılır”.
Qeyd edək ki, ARDNŞ ev növbəsində dayanan işçilərinə tikiləcək kooperativ evləri güzəştlərlə verməlidir. Evin məbləğinin müəyyən hissəsini kooperativə ARDNŞ ödəməlidir. Ancaq şirkət artıq bu ödəmələrdən imtina edir. Mənzil növbəsinə dayanan neftçilərə şirkətdən bildirilib ki, artıq mənzillərin qiymətinin 100 faizini özləri ödəməlidirlər. Mənzillərin kvadratmetri isə 700-800 manatdır.