. Yalnız danışıqlar yolu ilə nizamlanma sülhə və sabitliyə gətirə bilər, münaqişənin həlli üçün istənilən güc tətbiqi cəhdi regionda böyük faciələrə səbəb olar
/Aran agentliyi
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, dövlət katibi Hillari Klinton (ABŞ), xarici işlər nazirləri Sergey Lavrov (Rusiya) və Alen Jüpenin (Fransa) imzaladığı bəyanatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri dinc və davamlı nizamlanma əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırır. Yalnız danışıqlar yolu ilə nizamlanma sülhə və sabitliyə gətirə bilər, münaqişənin həlli üçün istənilən güc tətbiqi cəhdi regionda böyük faciələrə səbəb olar.
Müharibənin nəticələrindən daha çox region xalqları əziyyət çəkib, nizamlanmanın ləngiməsi onların çətinliklərini daha da artırır. Regionun böyüyən yeni nəsli azərbaycanlılarla ermənilərin əvvəllər necə bir yerdə yaşadığını görməyib, bu isə bu süni ayrılmanı və müharibənin yaralarını daha da dərinləşdirir. Bu səbəbdən biz liderləri öz ölkələrinin əhalisini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq.
Biz ölkə liderlərini çərçivə sazişi üzərində işi mümkün qədər tez başa çatdırmağa, bunun ardınca isə Helsinki Yekun Aktında nəzərdə tutulan güc tətbiq etməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və xalqların bərabərliyi prinsipləri, BMT Nizamnaməsi, habelə regionun hazırkı “status-kvo”dan daha təhlükəsiz və çiçəklənən gələcəyə çıxmasına imkan verən beynəlxalq hüququn norma və prinsipləri əsasında yekun həll qərarı verməyə çağırırıq”.
“Media forum” saytının arayışı: ATƏT-in Minsk qrupu 1992-ci ilin martın 24-də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün yaradılıb. Hazırda qrupda 13 ölkə təmsil olunur: Azərbaycan, Ermənistan, Almaniya, Belarus, Finlandiya, İtaliya, İsveç, Niderland, Portuqaliya, Türkiyə, Rusiya, Fransa, ABŞ. Minsk qrupunda həmsədrlik institutu 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında təsis olunub. 1997-ci il yanvarın 1-dən ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır. Həmin prinsiplər Dağlıq Qarabağa keçid statusu verilməsini (bu statusun 1991-ci ildə özünü müstəqil dövlət elan etmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın faktiki statusundan çox da fərqlənməməsi şərti ilə), Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.
Madrid sənədinə görə, münaqişə bölgəsinə sülhməramlı qüvvələr yerləşdiriləcək, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından və Laçın rayonunun 13 kəndindən çıxarılacaq. Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılacaq.