/Aran agentliyi
May ayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi müddətdə Azərbaycan əmn böyük iki bazarı olan “Sədərək” və “Binə” Ticarət Mərkəzləri bağlanacaq.
Bu barədə Xəbər.info-ya hər iki bazarda çalışan ticarətçilər məlumat verib. Məlumata görə, bazar rəhbərliyi bununla bağlı bazarlarda ticarətlə məşğul olan şəxslərə qeyri-rəsmi xəbərdarlıq edib. Ticarətçilərə deyilib ki, may ayının 1-dən etibarən hər iki bazarın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Məlumatda deyilir ki, buna səbəb “Eurovision” keçirilən müddətdə paytaxta nəqliyyatın sıxlığını azlatmaqdır. Belə ki, Lökbatan qəsəbəsində yerləşən hər iki bazara gedən minlərlər maşın hər gün şəhərin Bayıl istiqamətində böyük sıxlıq yaradır. Hakimiyyət müsabiqənin gedişi zamanı şəhərin bu bölgəsində nəqliyyatın sıxlığını azaltmaq üçün adı çəkilən bazarları müvəqqəti bağlamaq qərarın gəlib.
Redaksiyamıza daxil olan məlumata görə, hakimiyyətin bu qərarı bazarlarda çalışan ticarətçilərin ciddi etirazlarına səbəb olub. Onlar bazar rəhbərliyinə öz etirazlarını ən kəskinb formada bildiriblər. Qeyd ediblər ki, lazım gəlsə, həm “Eurovision” ərəfəsində, həm də müsabiqənin gedişi zamanı kütləvi aksiyalara çıxacaqlar.
Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi arena da Bayıl da yerləşir. Lökbatanda yerləşən ticarət mərkəzlərinə gedən nəqliyyat vasitələri müsabiqənin keçiriləcəyi arenanın lap yaxınlığından keçir.
Onu da bildirək ki, hazırda adı çəkilən bazarda minlərlər insan çalışır. Bazarların bir ay müddətində fəaliyyət göstərməməsi isə ölkədə yeni bir işsizlər ordusunun yaranmasına səbəb olacaq və ən əsası, adı çəkilən ticarət mərkəzlərindən dolanan yüzminlərlə insana birbaşa təsir edəcək.