Tarix : 2012 Mar 27
Kod 29374

Quba hadisələrinə görə tutulanların sayı neçə nəfərdir?

Mən Bakıya müalicə üçün getmişdim. İşə çıxmadığımdan elə biliblər ki, məni də tutublar
/Aran agentliyi

Son günlər Quba hadisələrinə görə tutulan jurnalistlərdən 2-si azadlığa buraxılıb: “Poliqon” informasiya agentliyinin bölgə müxbiri Cəmil Məmmədli və “Xəyal” televiziyasının montajçısı İslam Aslanov.

Mediada adı tutulanlar sırasında çəkilən “Xəyal” televiziyasının texniki direktoru Vahid İbrahimov isə “Turan”a saxlanmadığını deyib: “Mən Bakıya müalicə üçün getmişdim. İşə çıxmadığımdan elə biliblər ki, məni də tutublar”.

Cəmil Məmmədli “Turan”a açıqlamasında saxlandığını təsdiq edib: “Məni əvvəlcə Quba Rayon Prokurorluğuna gətirdilər. Bir gün rayon polis şöbəsində saxladılar. Sonra Bakıya aparıb Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat aldılar və azad buraxdılar”.

Turan” bildirir ki, hazırda üç jurnalist həbsdədir: “Xəyal” televiziyasının baş direktoru Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və reklam üzrə menecer Zaur Mustafayev. Hüquq mühafizə orqanlarındakı mənbələrdən “Turan”a bəlli olub ki, onlara ittiham irəli sürülüb.

Xatırladaq ki, martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin aparır. Amma indiyədək kimlərin tutulduğu, işin Cinayət Məcəlləsinin hansı maddələri ilə araşdırıldığı rəsmən açıqlanmayıb.

 

  

  • Yazılıb
  • da (də) 2012 Mar 27