Azərbaycan prezidenti də sammitə yola düşüb, onun Obama ilə görüşüb-görüşməyəcəyi diqqət mərkəzində olacaq
/Aran agentliyi
Cənubi Koreyanın paytaxtı Seulda nüvə təhlükəsizliyinə dair növbəti beynəlxalq sammit başlayıb. Sammitdə ABŞ başda olmaqla nüvə silahına malik ölkələrin, habelə nüvə silahının yayılmamasında maraqlı olan ölkələrin liderləri iştirak edir.
Ötən il sammitə ABŞ ev sahibliyi etmişdi və Azərbaycan prezidenti ora dəvət edilməmişdi. Bu, Vaşinqton-Bakı münasibətlərinin gərgin olduğu, habelə Azərbaycan tərəfinin Türkiyə-Ermənistan barışığına dair anlaşmaya qarşı çıxdığı bir vaxta təsadüf edirdi. Bu il isə sammitə ev sahibliyi edən Cənubi Koreya Azərbaycan dövlət başçısına da dəvət göndərib. Nüvə təhlükəsizliyi Azərbaycanı da yaxından maraqlandıran məsələdir, çünki cənub qonşumuz İranın nüvə silahı əldə etmək səyləri Azərbaycanı da əhatə edən qlobal təhlükəsizlik riskləri yaradır.
Prezident İlham Əliyev dünən sammitdə iştirak etmək üçün Seula yola düşüb. Onun bir sıra ikitərəfli görüşlər keçirəcəyi də xəbər verilirdi, lakin Azərbaycan prezidentinin sammitdə ABŞ prezidenti Barak Obama ilə ikitərəfli görüşünün olub-olmayacağı məlum deyildi.
Sammitdə iştirak etmək üçün Cənubi Koreyaya səfər edən ABŞ prezidenti bu ölkənin Şimali Koreya ilə sərhədindəki ayırıcı zonaya baş çəkib və orada xidmət keçən Amerika əsgərləriylə görüşüb. “Siz azadlığın sərhədlərini qoruyursunuz”, - deyə o əsgərlərə bildirib. Obamanın Şimali Koreya ilə Cənubi Koreyanı ayıran demilitarizə olunmuş bölgəıyə getməsini Amerikanın öz müttəfiqini qorumaqda qətiyyətli olduğunu göstərmək məqsədi daşıdığı bildirilir. ABŞ prezidenti binoklla şimalı izləyib. Onun Seula səfəri və bu şəhərdə keçirilən sammitlə əlaqədar Cənubi Koreyada misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Amerikanın bölgədəki hərbi qüvvələri şimaldan yönələ biləcək mümkün təxribatlara qarşı hazırlıq vəziyyətinə gətirilib. Həmçinin sammitin təhlükəsizliyini təmin etmək üçün bir neçə gün əvvəldən Amerikanın iki kəşfiyyat təyyarəsi də Cənubi Koreyaya göndərilib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Seul sammitində iştirak edir. O, sammit başlamazdan əvvəl ABŞ prezidenti ilə ikitərəfli görüş keçirib. Türkiyə KİV-ləri bu görüşün kritik əhəmiyyət kəsb etdiyini, tərəflərin Suriya və İran da daxil olmaqla aktual beynəlxalq məsələləri, habelə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdiyini xəbər verir. Danışıqlardan sonra jurnalistlərə açıqlama verən Obama deyib ki, müzakirələrin əsas hissəsi Suriyaya həsr olunub. Ərdoğan da Suriya məsələsinin geniş müzakirə edildiyini deyib, lakin təfərrüatları açıqlamayıb. Həmçinin, İran məsələsinin də yaxından müzakirə edildiyi bildirilir. Ərdoğan Seul sammitindən sonra Tehrana səfər edəcək və bu ərəfədə onun ABŞ prezidenti ilə görüşməsinin kritik əhəmiyyət kəsb etdiyi bildirilir.
Musavat.com