“Qəsəbə əhalisi onu təmiz, dürüst ruhani kimi tanıyıb və axund kimi qəbul edib”
/Aran agentliyi
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Media forum” saytına açıqlamasında bildirib ki, idarə Səxavət Əliyev və İlham Əliyev adlı ruhaniləri hansısa məscidlərə axund təyin etməyib.
Amma həqiqət necədir?
Səxavət Əliyevin yaxın dostu Ramiq Alıyev “Media forum”a açıqlamasında deyib ki, Azərbaycanda məscidlərin 70 faizindən çoxunun axund və imamları hələ ki, öz vəzifələrinə rəsmən təyin olunmayıblar və buna səbəb məscidlərdə yerləşən dini icmaların qeydiyyat prosesinin başa çatmamasıdır: “Azərbaycanın çox yerində olduğu kimi, Suraxanı rayonunun Bülbülə qəsəbəsində də Ağabalabəy məscidinə axund təyin edilməyib. Lakin qəsəbə icra nümayəndəliyinin razılığı ilə artıq xeyli müddət idi ki, Səxavət Əliyev məsciddə axundluq edirdi və bütün qəsəbə əhli də onu axund kimi qəbul etmişdi”. Ramiq Alıyev Bülbülə qəsəbəsindəki Ağabalabəy məscidi dini icmasının qeydiyyata alınması üçün sonuncu dəfə 2011-ci ilin dekabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət olunduğunu deyib: “Dini icma əvvəlki qeydiyyat prosesləri zamanı da rəsmi müraciət edib, amma heç vaxt qeydiyyata alınmayıb”.
Binə qəsəbəsin ruhanisi Hacı İlham Əliyevin yaxınları da “Media forum”a deyib ki, bütün qəsəbə sakinləri onu axund kimi qəbul edib: “Qəsəbə əhalisi onu təmiz, dürüst ruhani kimi tanıyıb və axund kimi qəbul edib”.
Qeyd edək ki, Hacı Səxavət Əliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq), İlham Əliyev isə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) ittiham olunurlar. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
HaqqYolu