Tarix : 2012 Mar 28
Kod 29401

İnterpol Allahşükür Paşazadənin qudasını beynəlxalq axtarışa Verdi

Azərbaycanda fəaliyyət göstərən “Evsen Group”un sahibi Əli Evsen beynəlxalq axtarışa verilib
/Aran agentliyi

Axtarış materialında 49 yaşlı Əli Evsenin üç ölkənin – Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşı olduğu qeyd olunub. O, Misir dövləti tərəfindən beynəlxalq axtarışa verilib. Əli Evsen dələduzluqda ittiham olunur.

Qeyd edək ki, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi ilə birgə ötən ilin yayında çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə əlaqədar İspaniyada həbs edilib. Təxminən bir ay sonra isə günahı sübuta yetirilmədiyi üçün Əli Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb.

Əli Evsenin qohumu, Milli Məclisin deputatı Hacı Qalib Salahzadə onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsinə münasibət bildirib.

Hacı Qalib Salahzadə bildirib ki, saytlarda bu barədə informasiyalar yayıldıqdan dərhal sonra Əli Evsenlə telefon əlaqəsi yaradıb: “Əli Evsen axtarışa verilməsi barədə məlumatsız olduğunu bildirdi. O bu xəbəri məndən aldı və bildirdi ki, onun beynəlxalq axtarışa verilməsi yalandır. O bunun özünü istəməyən adamlar tərəfindən ortaya atılmış bir iftira olduğunu dedi. Əli Evsen hazırda İspaniyadadır və öz işləri ilə məşğul olur. Əgər axtarışa verilibsə, yeri məlumdur, gedib niyə tutmurlar?”.

Xatırladaq ki, Əli Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

merkez.az 

  • Yazılıb
  • da (də) 2012 Mar 28