“Moskovski Komsomelts” qəzeti bildirir ki, fikir adamının sözlərinə görə, olanların hamısı təxribatdır
/Aran agentliyi
Rusiya İslam Komitəsinin rəhbəri, azərbaycanlı politoloq, islam teoloqu, filosof Heydər Camal Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Moskvadakı mənzilində axtarış aparılmasını və ona qarşı cinayət işi qaldırılmasını özünə qarşı şantaj hesab edir. “Moskovski Komsomelts” qəzeti bildirir ki, fikir adamının sözlərinə görə, olanların hamısı təxribatdır.
Heydər Camal bildirib ki, Federal Təhlükəsizlik Xidmətinin beş əməkdaşı səhər saat 7.00-da onun evinin qapısını döyüb və Rusiya Cinayət Məcəlləsinin 280-ci maddəsinə (konstitusion quruluşun zorla dəyişdirilməsinə kütləvi çağırışa görə) qaldırılmış cinayət işinin çərçivəsində axtarış aparmalı olduqlarını deyiblər. Axtarış bütün gün ərzində aparılıb - əvvəl bir mənzil axtarılıb, şübhəli heç nə tapılmadıqdan sonra o biri mənzilə keçilib.
Camalın fikrincə, FTX əməkdaşları ekstremist ədəbiyyat axtarırmışlar. Teoloq müstəntiqlərdən cinayət işinin məzmunu və mənzillərin axtarışının səbəbləri barədə heç bir məlumat ala bilməyib. Həmçinin Heydər Camala işin təfsilatlarını açmamaq öhdəliyi barədə sənədə qol çəkməyi də təklif ediblər, amma nəyi gizli saxlamaq barədə dəqiq məlumat vermədiklərinə görə filosof sənədə qol çəkməkdən imtina edib.
“Görünür, onlar düşünürlər ki, bununla mənim əl qolumu bağlayacaqlar. Bu da bir növ şantajdır”,- deyə Heydər Camal vurğulayıb.
Qeyd edək ki, Heydər Camal Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddəsinin əleyinə çıxışı ilə yadda qalıb. O, 2011-ci il dekabrın 29-da Moskvada baş tutan mitinqdə bu maddə ilə həbsdə yatan minlərlə siyasi məhbusun siyasi düşüncələrindən asılı olmayaraq azadlığa buraxılmalarının vacibliyindən danışmışdı.
ans