İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb
/Aran agentliyi
İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi. İslamın bu əzəmətli Xanımının (s.ə) mövlud günü bu il mart ayının 28-nə təsadüf edir.
Bu mübarək mövlud münasibəti ilə Buzovna ruhanisi Hacı Soltan Əlizadə Deyerler.Org- vasitəsilə öz təbriklərini çatdırıb: “Həzrəti Zeynəbin (s.ə) mövludu münasibəti ilə bütün müsəlmanları, xüsusən də anaları, bacıları təbrik edirəm. Onlara Həzrəti Zeynəbin (s.ə) iffətini, qeyrətini arzulayıram.
Bir gün Xanım Zeynəbin (s.ə) həyat yoldaşı deyir ki, ya Zeynəb (s.ə), biz bir ailəyik, amma sən məndən bu vaxta kimi nə üçün heç nə istəməmisən? Xanım Zeynəb (s.ə) cavab verir ki, mən bunu anam və atamdan öyrənmişəm. Bir gün atam Əli (ə) gəlib, anam Fatiməyə (s.ə) dedi ki, mənə yemək ver. Anam bu zaman başını aşağı saldı. Atam soruşdu ki, nə üçün başını aşağı salırsan? Anam da dedi ki, ərzaq olmadığı üçün heç nə hazırlamamışam. Hz. Əli (ə) soruşdu ki, bəs nə üçün bu haqda mənə demirsən? Xanım Zəhra (s.ə) da cavab verdi ki, atam mənə vəsiyyət edib ki, Əli (ə) səndən bir şey soruşmasa, ondan heç nə istəmə. Bu ailədə Xanım Zeynəb (s.ə) tərbiyə alıb.
Xanım Zeynəb (s.ə) Kərbəlanın qəhrəmanıdır. Xanım Zeynəb (s.ə) Kərbəlada İmam Hüseynə (ə) dedi ki, ömrüm boyu sənə xidmət etmişəm, amma 54 ildə səndən bir şey istəməmişəm. Amma bu gün səndən bir şey istəyirəm. İki balasını – İbrahim və Məhəmmədi götürüb, İmam Hüseynin (ə) qarşısında dayandı və dedi ki, icazə ver bunlar gedib canlarını sənə fəda etsinlər. Xanım Zeynəb (s.ə) iffət, ismət, qəhrəmanlıq, hicab nümunəsidir”.
Deyerler