Tarix : 2012 Mar 29
Kod 29429

Quba olaylarının arxasından milyonçuların adları çıxır

“AST Telman”ın Qod Nissanov və Zarah İliyevlə mübarizəsi odun üstünə necə benzin tökdü?
/Aran agentliyi

Martın 1-də Qubada baş verən xalq etirazları və icra başçısı Rauf Həbibovun devrilməsi ilə nəticələnən olayla bağlı gunxeber.com-a yeni məlumatlar daxil olub.

Qeyd edək ki, Qubada baş verən hadisələrdə müxtəlif şəxslərin, çox yüksək vəzifəli məmurların əlinin olması barədə çeşidli versiyalar irəli sürülüb. Bu versiyalarda bəzən şişirtmələr olsa da, onların bir çoxunda həqiqət payı da az deyil. Quba olayları bəzi məmurların çəkişməsi, saray daxili intriqaların nəticəsi kimi də dəyərləndirilir.

Eyni zamanda məmur oliqarxların mövqe döyüşü kimi də xarakterizə olunur.

Gunxeber.com-a daxil olan yeni məlumata isə bildirilir ki, Quba hadisələrinin bu qədər böyüməsində və nəzarətdən çıxmasında yəhudi əsilli iş adamları “AST Telman” kimi tanınan Telman İsmayılov, Qod Nissanov və Zarah İliyev arasında olan münaqişə də müəyyən rol oynayıb.

Q.Nissanov və Z.İliyev əslən Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəndirlər. Onların hər ikisi Rusiyada yaşayırlar, başda Moskva olmaqla Rusiyanın iri şəhərlərində böyük biznesləri var və bir çox obyektlərdə ortaqdırlar. Eyni zamanda Bakıdakı “Gön Dəri” ASC-də İliyevlərə məxsusdu.

Q.Nissanov və Z.Əliyevin bir neçə il öncəyə qədər Rusiyada böyük imkanlara malik olan “AST Telman”la yaxşı münasibətləri və ortaq biznes layihələri olub.

T.İsmayılov da Göyçayda doğulmuş yəhudi əsilli biznesmendi.

Amma sonradan onların münasibətlərində problemlər yaranıb və Moskvanın keçmiş meri Lujkovla bacanaq olan Z.İiyev bu xətt vasitəsilə Rusiya rəhbərliyində “AST Telman”ın qələmini qırdıra bilib. Bundan sonra T.İsmayılovun Moskvadakı ən böyük ticarət obyekti olan “Çerkizov” bazarı sökülüb, bir sıra obyektləri əlindən alınıb və o Türkiyəyə köçüb.

Məlum olduğu kimi T.İsmayılovun Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla çox yaxşı münasibətləri var. Quba rayonu isə Z.Məmmədovun kurasiyasındadı.

AST Telman”la Z.Məmmədov Qubadakı 400 hektarlıq səfalı yerdə böyük istirahət mərkəzi inşa etdirmək istəyirmişlər. Bu yerə isə həmçinin Q.Nissanov, Z.İliyev və onların Bakıdakı tərəfdaşlarının da gözü düşübmüş. Neçə vaxtdı həmin ərazi uğrunda mübarizə gedirmiş.

Qubada məlum hadisələr vüsət alanda Q.Nissanov, Z.İliyev və onların Azərbaycan hakimiyyətindəki dostları “AST Telman”ın böyük projesini bitirməyin yolunu Qubanın kuratorunun dəyişdirilməsində görüblər və orada etirazların başlamasına, eləcə də daha geniş miqyas almasına dəstək veriblər.

Təbii ki, bütün bunlar hadisələrlə bağlı məlumatlı mənbələrin irəli sürdüyü versiyalar və onlara yetişən bilgilərdi. Amma hər halda Moskvada başlayan mübarizənin Qubaya sıçraması da real görünür və məsələyə aydınlıq gətirilməsi üçün bütün tərəflərin mövqeyinə yer verməyə hazırıq. 

  • Yazılıb
  • da (də) 2012 Mar 29