/Aran agentliyi
Martın 30-da Gəncənin Kəpəz Rayon Məhkəməsində gəncəli dindar İlham Ələkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair şikayətə baxılıb. Vəkil Nemət Kərimlinin “Media forum” saytına verdiyi məlumata görə, hakim Nuru Quliyev şikayəti təmin etməyib. Nemət Kərimli şikayətə İlham Ələkbərovun iştirakı ilə baxıldığını deyib. O əlavə edib ki, aprel ayının 16-da İlham Ələkbərov haqqında seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin müddəti bitir.
İlham Ələkbərov fevral ayında həbs olunub, onun haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) cinayət işi qaldırılıb. Onun heç bir dini təhsili yoxdur, dindar ailədəndir. Azərbaycan İslam Partiyası Gəncə rayon komitəsinin sədri Yusif Ələkbərovun qardaşıdır. Yusif Ələkbərov xeyli müddətdir axtarışdadır, onun barəsində cinayət işi açılıb. Vəkil Nemət Kərimli onu da qeyd edib ki, Gəncə Rayon Prokurorluğunda gəncəli dindarların (İlham Ələkbərov və Asəf Əliyev) işini araşdıran Nizami rayon polisinin müstəntiqləri Füzuli Şıxıyev və Elçin Əzizov haqqında hüquqi araşdırmaya başlanıb.
Martın 1-də vəkil Gəncədəki istintaq təcridxanasında saxlanan dindarlarla görüşmək istəyib, lakin Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi buna mane olub. Problemin həll olunması üçün vəkil Baş Prokurorluqda qərb bölgəsi üzrə kurator Cəsarət Əzizovla görüşüb və müstəntiqlərin vəzifə səlahiyyətlərini aşmasından şikayət edib. Nemət Kərimli deyib ki, martın 30-da Gəncə Rayon Prokurorluğunda izahat verib: “Artıq hər iki müstəntiq barədə hüquqi araşdırma başlanıb”.
Ruhani təhsili alan gəncəli dindar Asəf Əliyev də eyni cinayət maddəsi ilə ittiham olunur. Vəkil onun barəsində də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəməyə müraciət edib. Şikayətə gələn həftə baxılacaq.
islamazeri.az